“OpenAI”, “Anthropic” və “Google” süni intellekt risklərinə nəzarət üçün yeni qurum yaradır
Paris, 16 sentyabr, AZƏRTAC
ABŞ-nin “OpenAI”, “Anthropic” və “Google DeepMind” şirkətləri süni intellektin (Sİ) yaratdığı risklərə nəzarət edəcək xüsusi qurumun yaradılması üzərində çalışır.
AZƏRTAC xəbər verir ki, “OpenAI” bu barədə AFP-yə açıqlama verib. Təşəbbüs Sİ-nin mümkün təhlükələrinin daha ciddi şəkildə nəzarətdə saxlanılması ilə bağlı çağırışların artdığı bir vaxta təsadüf edir.
İdeya “Google DeepMind”in rəhbəri Demis Hassabis tərəfindən irəli sürülüb. O, ABŞ-nin maliyyə sektorunda fəaliyyət göstərən özünütənzimləmə qurumu FINRA-ya bənzər bir strukturun yaradılmasını təklif edib.
Sİ sənayesinin öz nəzarət qurumunu yaratması üçün böyük ehtimalla qanunvericilik bazası tələb olunacaq. Bu, xüsusilə şirkətlərin rəqabət qaydalarını pozmaqda və bazar iştirakçıları arasında razılaşmada ittiham edilməsinin qarşısını almaq məqsədi daşıyır.
Hassabisin təklifinə əsasən, qurum Sİ sahəsində fəaliyyət göstərən şirkətlərin maliyyələşdirdiyi müstəqil struktur ola bilər. Onun idarə heyətində müstəqil ekspertlərlə yanaşı, açıq Sİ ekosisteminin nümayəndələri də yer alacaq.
Yeni qurum yaradıldıqdan sonra Sİ sahəsində ən qabaqcıl şirkətlər bazara çıxarmazdan əvvəl hazırladıqları yeni modelləri, xüsusilə təhlükəsizlik baxımından, müstəqil qiymətləndirməyə təqdim etməli ola bilərlər.
Demis Hassabisin fikrincə, süni intellektin inkişaf sürəti risklərin qiymətləndirilməsi imkanlarını qabaqladığı halda, yeni qurum Sİ inkişafının əlaqələndirilmiş şəkildə yavaşladılmasını da təşəbbüs edə bilər.
Beləliklə, təşəbbüs süni intellekt sənayesində texnoloji inkişafla təhlükəsizlik və nəzarət mexanizmləri arasında daha sıx əlaqə yaratmaq məqsədi daşıyır.