Türk professor: Azərbaycanın innovasiya tarixində TRIZ-in xüsusi yeri var
Bakı, 15 sentyabr, AZƏRTAC
Təxminən iki il əvvəl Türkiyə və Azərbaycanda innovasiya mədəniyyəti ilə bağlı müqayisəli araşdırma apardıq. Araşdırmanın nəticələrini elmi məqalə şəklində dərc edərək həm akademik ictimaiyyət, həm də biznes dünyası ilə bölüşdük. Nəticələr göstərdi ki, iki ölkənin innovasiya mühitində həm mühüm oxşarlıqlar, həm də müəyyən fərqlər mövcuddur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnnovasiya haqqında 100 sual” kitabının müəllifi, professor Ali B. Kutvan söyləyib.
İnnovativ düşüncənin inkişafında TRIZ nəzəriyyəsinin əhəmiyyətindən danışan professor bildirib ki, İxtiraçı Məsələlərin Həlli Nəzəriyyəsi (Theory of Inventive Problem Solving) innovasiya sahəsində mühüm yanaşmalardan biridir: “Bu nəzəriyyənin Azərbaycanla mühüm tarixi bağlılığı var. Bu gün ABŞ, Koreya, Çin və dünyanın bir çox digər ölkələrində TRIZ metodologiyasından geniş istifadə olunur. Həm dövlət sektorunda, həm də “Samsung” başda olmaqla iri şirkətlərdə innovasiya proseslərində bu yanaşmadan yararlanırlar”.
Onun sözlərinə görə, TRIZ-in Azərbaycandakı tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır: “Həmin dövrdə Heydər Əliyevin icazəsi ilə Bakıda TRIZ sahəsində institut yaradılmışdı. Təəssüf ki, Sovet İttifaqının dağılmasından sonra bu irs zamanla unuduldu. Mən Azərbaycana professor kimi gəldikdən sonra bu mövzunu yenidən gündəmə gətirdim. 1970-ci illərdə Bakıda yaradılmış həmin strukturun irsini yenidən canlandıraraq “Innovation Management TRIZ Institute”u bərpa etdik. Bu nəzəriyyənin Azərbaycanla tarixi bağlılığı olduqca dəyərlidir. Təəssüf ki, bu faktı bu gün çox az insan bilir”.
Ali B. Kutvan “İnnovasiya haqqında 100 sual” kitabının Azərbaycan və Türkiyə alimlərinin birgə elmi əməyinin nəticəsi olduğunu da diqqətə çatdırıb.
“Kitabın hazırlanmasında Türkiyədən üç, Azərbaycandan isə iki professor iştirak edib. Biz bu nəşri bir növ innovasiya ensiklopediyası kimi hazırlamışıq. İnnovasiya haqqında öyrənmək istədiyiniz, demək olar ki, hər şeyi burada tapmaq mümkündür. Ən sadə – “İnnovasiya nədir?” sualından başlayaraq daha mürəkkəb və nəzəri məsələlərədək innovasiyanın müxtəlif istiqamətlərini 100 sual əsasında izah etmişik”, – deyə professor vurğulayıb.
O bildirib ki, kitabın mühüm xüsusiyyətlərindən biri də Azərbaycan dilində nəşr olunmasıdır. Əsərin artıq iki dəfə çap edildiyini qeyd edən Ali B. Kutvan kitabın müəllimlər, alimlər, biznes nümayəndələri, startaplar, dövlət qurumları və ümumilikdə innovasiya sahəsinə maraq göstərənlər üçün faydalı mənbə olduğunu bildirib.