Deputat: Bu gün türk xalqlarının əməldə, fikirdə birliyi formalaşıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Bu gün burada müzakirə etdiyimiz məsələlər təkcə bu günümüzü deyil, bütün türk xalqlarının gələcəyini müəyyənləşdirir. Prezident İlham Əliyevin dediyi, “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” – ifadəsi təkcə indiki nəsillər üçün deyil, bundan sonra dünya mövcud olduqca bütün türk xalqlarının həyat və fəaliyyət düsturu olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Musa Qasımlı Bakıda Türk Dövlətləri Təşkilatının aparıcı analitik mərkəzlərinin II beynəlxalq konfransında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, bu ailə üçün başlıca formul fikirdə, dildə və əməldə birlikdir.
“Bu gün dövlət başçılarımızın fəaliyyəti sayəsində türk xalqlarının əməldə, fikirdə birliyi formalaşıb. Ən mühüm məsələlərdən biri isə dil birliyimiz — ortaq Türk dilinin formalaşdırılmasıdır. Bizi ayaqda saxlaya biləcək ən böyük güc ortaq dilimiz, ortaq tariximiz, ortaq mədəniyyətimiz və ortaq köklərimizdir. Ona görə də bugünkü konfransı Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin əməkdaşlığında və fəaliyyətində birliyin təmin edilməsi baxımından əhəmiyyətli hesab edirəm”,- deyə M. Qasımlı vurğulayıb.