Beynəlxalq təşkilat Əlcəzair hakimiyyətini ölüm hökmünü tətbiq etməməyə çağırıb
Qahirə, 15 sentyabr, AZƏRTAC
“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı Əlcəzair hakimiyyətini meşə yanğınlarını törədənlərə qarşı ölüm hökmünün tətbiqi planlarından imtina etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu, təşkilatın yaydığı bəyanatda əks olunub. Vurğulanır ki, Əlcəzair rəhbərliyi ölüm cəzasının tətbiqinin genişləndirilməsi və ya 1993-cü ildən bəri qüvvədə olan moratoriumdan sonra edamların bərpası fikrindən dərhal daşınmalıdır. Təşkilat ölüm hökmünün tam ləğvi istiqamətində ilk addım kimi rəsmi moratoriumun təsdiqlənməsini tələb edir.
Qeyd edək ki, bir müddət əvvəl Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Ədliyyə Nazirliyinə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi və meşə yanğını törədənlərə, eləcə də uşaq oğurluğu və onlara işgəncə verilməsində təqsirləndirilənlərə qarşı ölüm hökmünün tətbiq olunması ilə bağlı tapşırıq verib. Dövlət başçısı məhkumların bütün şikayət hüquqlarından istifadə etdikdən sonra cəzanın dərhal icra olunmalı olduğunu bildirib.
Bu qərar ölkənin şimal-şərqində onlarla insanın ölümü ilə nəticələnən meşə yanğınlarından sonra qəbul edilib. Şahidlərin və müstəqil mənbələrin məlumatına görə isə real tələfat rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.
Əlcəzairdə 1993-cü ildən bəri terrorizm və qəsdən adamöldürmə işləri üzrə ölüm hökmləri çıxarılsa da, onların icrasına moratorium tətbiq olunur.