“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib
Bakı, 15 sentyabr, AZƏRTAC
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” SOCAR-ın müstəqil kredit profili (Standalone Credit Profile (SCP)) göstəricisini bir pillə yüksəldərək “bb” səviyyəsinə çatdırıb. Eyni zamanda, agentlik tərəfindən SOCAR-ın uzunmüddətli emitent defolt reytinqi (Long-Term Issuer Default Rating – IDR) “BBB-” səviyyəsində, “Sabit” proqnozla təsdiqlənib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, SCP-nin yüksəldilməsi SOCAR-ın dövlət dəstəyi nəzərə alınmadan formalaşan müstəqil kredit profilinin güclənməsini əks etdirir. Bu göstərici şirkətin maliyyə dayanıqlılığı, əməliyyat göstəriciləri, pul axınları, borc yükü, likvidlik mövqeyi və biznes profilinin ayrıca qiymətləndirilməsi əsasında müəyyən edilir.
Müstəqil kredit profil göstəricisinin yüksəlməsi SOCAR-ın öz maliyyə və əməliyyat imkanları hesabına öhdəliklərini yerinə yetirmək qabiliyyətinin gücləndiyini nümayiş etdirir. Bu, eyni zamanda, şirkətin borcun idarə olunması, likvidliyin qorunması və maliyyə intizamının təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin kredit profilinə müsbət təsirinin təzahürüdür.
SOCAR və “Fitch Ratings” arasında əməkdaşlıq 2010-cu ildən etibarən davam edir. Bu müddət ərzində agentlik şirkətin maliyyə və əməliyyat göstəricilərini, borclanma profilini, likvidliyini, biznes risklərini və uzunmüddətli inkişaf perspektivlərini mütəmadi olaraq qiymətləndirib.
SOCAR 2024-cü ildə “Fitch Ratings” tərəfindən investisiya oluna bilən dərəcəsinə yüksəldilərək “BBB-” kredit reytinqi əldə edib. Reytinqin “Sabit” proqnozla bu səviyyədə saxlanılması şirkətin mövcud kredit göstəricilərinin dayanıqlılığına dair agentliyin gözləntilərini əks etdirir.
İnvestisiya oluna bilən reytinqinin qorunub saxlanılması və müstəqil kredit profilinin yaxşılaşması SOCAR-ın beynəlxalq kapital bazarlarında mövqeyinin daha da güclənməsinə, investor etimadının artmasına və maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verir.
Qeyd edək ki, “Fitch Ratings” dünyanın aparıcı beynəlxalq kredit reytinq agentliklərindən biridir. Agentlik dövlətlərin, şirkətlərin, maliyyə institutlarının və borc alətlərinin kredit riskini qiymətləndirərək qlobal maliyyə bazarları üçün müstəqil analitik rəy təqdim edir.
Xatırladaq ki, cari ilin iyul ayında “Moody’s Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini “Baa3” səviyyəsində, “Sabit” proqnozla yenidən təsdiqləyib. “Baa3” reytinqi investisiya oluna bilən dərəcəsinə aid olmaqla, SOCAR-ın investisiya dərəcəli kredit statusunu qoruyub saxladığını göstərməkdədir.