Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov, Zaqatala rayon təhsil sektorunun müdiri Kəmalə Əhmədova, gimnaziyanın müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə gimnaziyanın direktoru Sevda Cabbarova təhsil müəssisəsində yaradılan şərait barədə məlumat verib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov çıxışında gimnaziyanın əsaslı təmirdən sonra istifadəyə verilməsi və yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib. O, son illərdə ölkəmizdə, o cümlədən Zaqatala rayonunda təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən və Heydər Əliyev Fondunun təhsil sahəsində reallaşdırdığı layihələrdən danışıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilalanlar üçün müasir və əlverişli tədris mühitinin yaradılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Çıxışlarda əsaslı təmir işlərinin əhəmiyyəti qeyd olunub, gimnaziyada yaradılan müasir tədris şəraitinin şagirdlərin keyfiyyətli təhsil almasına və müəllimlərin səmərəli fəaliyyətinə imkan verəcəyi bildirilib.
Sonda tədbir iştirakçıları gimnaziyada yaradılan şəraitlə tanış olublar.
Qeyd olunub ki, əsaslı təmir olunan gimnaziya 264 şagird yerlikdir. Üçmərtəbəli tədris binasında kimya, biologiya və fizika laboratoriyaları, eləcə də digər tədris və yardımçı otaqlar müasir tələblərə uyğun yenidən qurulub.
Binada 32 şagird yerlik yataq otaqları yaradılıb və müasir avadanlıqlarla təchiz edilib. Gimnaziyanın idman infrastrukturu, kitabxanası, yeməkxanası, hərbi təlim otağı və tibb məntəqəsi də yenilənərək istifadəyə verilib.