Həsən Kodirov: Yəhya Bakuvinin əsərləri tərcümə edilib nəşr olunmalıdr
Bakı, 15 sentyabr, AZƏRTAC
Yəhya Bakuvinin həyat yolu bizə göstərir ki, o, mənəvi tərbiyə və qəlbin təmizlənməsi yolunda böyük xidmətlər göstərmiş türk-islam təsəvvüf alimi olub. Mənəvi tərbiyə və qəlb saflığı təlimi mühüm əhəmiyyət daşıyır. Çünki bütün yaxşı əməllər əvvəlcə insanın qəlbində yaranır. Davamlı və möhkəm əməllər də əvvəlcə insanın qəlbində meydana gəlir, sonra həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Daşkənd şəhərindəki Siroj Solih məscidinin imamı Həsən Kodirov Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, xüsusilə sosial şəbəkələrin inkişaf etdiyi, faydalı məlumatlarla yanaşı, insan qəlbinə mənfi təsir göstərən zərərli məlumatların da çoxaldığı bir dövrdə bəşəriyyət mənəvi tərbiyə və qəlb saflığına dair nəzəri və praktiki təlimlərə, eləcə də ustadlara ehtiyac duyur.
Həsən Kodirov deyib ki, konfransın faydalı olması üçün Yəhya Bakuvinin əsərləri tərcümə edilməli, şərh olunmalı və gənclər üçün kitab şəklində nəşr edilməlidir. Onun sözlərinə görə, mənəvi tərbiyəni davam etdirməyə qadir olan şəxslər də bu gün gəncləri tərbiyə etməlidirlər.