Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İnnovasiya haqqında 100 sual” təqdim edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində innovasiya menecmenti və təşkilati inkişaf sahəsində ekspert, professor Ali B.Kutvanla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə innovasiyaların müasir dünyadakı rolu, ideyanın yaranmasından onun reallaşdırılmasına qədər keçdiyi mərhələlər, eləcə də innovativ yanaşmaların biznes və idarəetmədə tətbiqi məsələləri müzakirə olunub.
Tədbiri açan Mərkəzin direktoru Anna İbrahimbəyova qonaqları salamlayaraq, görüşdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Çıxışında TRIZ nəzəriyyəsi haqqında məlumat verən professor Ali B.Kutvan onun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. “Müasir dövrdə həm iqtisadi tərəqqidə, həm də dövlətlərin və cəmiyyətlərin inkişafında innovasiya əsas amillərdən birinə çevrilib. İnkişafdan bəhs etdiyimiz bu dövrdə innovasiya sahəsində ən mühüm nəzəriyyələrdən biri də Azərbaycanda yaradılmış TRIZ nəzəriyyəsidir. Bu gün dünyanın bir çox ölkəsində həmin nəzəriyyədən geniş istifadə olunur”, – deyə Ali B. Kutvan bildirib.
O qeyd edib ki, TRIZ nəzəriyyəsinin yaradıcısı Bakıda yaşamış Genrix Altşullerdir. Professorun sözlərinə görə, dünyada ilk TRIZ İnstitutu da 1970-ci illərdə Bakıda, həmin dövrdə Heydər Əliyevin xüsusi icazəsi ilə təsis edilib.
Ali B. Kutvan bildirib ki, sonralar TRIZ Moskva və Sankt-Peterburq başda olmaqla, Sovet İttifaqının müxtəlif şəhərlərində yayılmağa başlayıb. Lakin 1991-ci ilədək nəzəriyyə əsasən qapalı sistem daxilində inkişaf etdiyindən dünya miqyasında geniş tanınmayıb. Bununla yanaşı, TRIZ-dən Sovet İttifaqında iqtisadi, texnoloji və sosial inkişafla bağlı müxtəlif istiqamətlərdə istifadə olunub.
Tədbirdə çıxış edən “İnnovasiya haqqında 100 sual” kitabının həmmüəllifi, professor Fəxrəddin Həbibov nəşrin hazırlanması prosesi, qarşıya qoyulan məqsədlər və kitabın əhəmiyyəti barədə məlumat verib. Professor bildirib ki, nəşrin əsas məqsədlərindən biri innovasiya anlayışını daha geniş auditoriyaya çatdırmaq, bu istiqamətdə düşüncə mədəniyyətinin formalaşmasına töhfə vermək və xüsusilə gənclərin innovativ yanaşmalara marağını artırmaqdır.
Görüşün bir hissəsi həmmüəlliflərindən biri Ali B.Kutvan olan “İnnovasiya haqqında 100 sual” kitabının təqdimatına həsr edilib. Nəşrdə innovasiya mövzusuna suallar prizmasından yanaşılır, düşüncə və ideyalardan texnologiya və biznesə, eləcə də mövcud prosesləri dəyişdirə biləcək qərarlara qədər müxtəlif məsələlər əhatə olunur.
Qeyd edək ki, professor Ali B. Kutvan tədqiqatçı, idarəetmə və innovasiyalar sahəsində ekspertdir. O, müxtəlif illərdə Türkiyənin aparıcı ali təhsil müəssisələrində, o cümlədən Boğaziçi və Marmara universitetlərində dərs deyib, Nişantaşı Universitetində fəaliyyət göstərib. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəvətli professorudur və “Innovation Management and TRIZ Institute”a rəhbərlik edir.
Görüşün sonunda müəlliflər tərəfindən kitablar imzalanıb və xatirə fotoları çəkdirilib.