Həsən Həsənli: Müasir tədris mühitinin formalaşdırılması istiqamətində işlər davam etdirilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Sumqayıt şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda yeni tədris ili münasibətilə müəllim və şagirdlər təbrik olunub, qarşıda duran əsas hədəflərdən və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkədə təhsil infrastrukturunun yenilənməsi və müasir tədris mühitinin formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Müəllimlərin təhsil prosesində əsas aparıcı qüvvə olduğunu qeyd edən nazir müavini şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə təhsil müəssisələrinin yenilənməsi və məktəb infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərə toxunub, məktəb kollektivinə və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva regionda təhsilin inkişafı, müəllim və şagirdlərin nailiyyətlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə şagirdlərin ifasında musiqi və bədii kompozisiyalar təqdim olunub.
Daha sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına və digər tədris məkanlarına baxış keçiriblər.
Qeyd olunub ki, 1971-ci ildən fəaliyyət göstərən 21 nömrəli tam orta ümumtəhsil məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Məktəb müasir tədris mühitinə uyğun şəkildə yenidən istifadəyə verilib.