Xarici diplomatların Azərbaycanın ərazisində səfəri Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz ŞƏRH
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin və ayrı-ayrı siyasi dairələrin reaksiyası təəssüf doğurmaqla yanaşı, qəbuledilməzdir. Çünki söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərindən gedir. Xarici diplomatların Azərbaycanın ərazisində səfəri heç bir halda Ermənistanın daxili siyasi müzakirələrinin predmeti ola bilməz.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
O bildirib ki, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı təzyiq və linç xarakterli kampaniyaların aparılması siyasi mədəniyyət baxımından da qəbuledilməzdir: “Ermənistan cəmiyyətində xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkətinə görə hədəfə alınması hansı məntiqə sığır? Diplomatik nümayəndələrin səfər etdikləri ərazi Azərbaycanın ərazisidir və onların bu səfərləri Ermənistanın müdaxilə edə biləcəyi məsələ deyil. Əslində, bu cür reaksiyalar Ermənistan cəmiyyətində hələ də keçmiş münaqişə reallıqlarının tam aradan qalxmadığını göstərir. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, eyni zamanda, siyasi düşüncənin, ictimai yanaşmaların və qarşılıqlı münasibətlərin dəyişməsi ilə mümkündür. Əgər bir tərəfdən sülhdən, normallaşmadan və regional əməkdaşlıqdan danışılırsa, digər tərəfdən Azərbaycanın suveren ərazisinə edilən diplomatik səfərlərə qarşı kampaniya aparılırsa, bu, ciddi ziddiyyət yaradır”.
S,Salmanova qeyd edib ki, Ermənistan daxilində revanşist meyillərin hələ də özünü göstərməsi təəssüf doğurur. Son günlər yayılan bəzi məlumatlar və aparılan informasiya kampaniyaları göstərir ki, bu prosesdə hakimiyyətə yaxın siyasi və media resurslarının da fəallığı müşahidə olunur. Bu isə məsələnin yalnız ayrı-ayrı şəxslərin və ya qrupların mövqeyi olmadığını düşünməyə əsas verir. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi diqqət çəkir. Ermənistan parlamentinin rəhbərinin Azərbaycanın daxili məsələləri ilə bağlı açıqlamalar verməsi yolverilməzdir. Ermənistanın siyasi institutlarının Azərbaycan ərazisində baş verən proseslərə münasibət bildirməsi, xüsusilə də ölkəmizin suveren ərazisində həyata keçirilən diplomatik səfərləri müzakirə predmetinə çevirməsi iki ölkə arasında sülh prosesinin ruhuna uyğun gəlmir.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan dəfələrlə regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edib. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental prinsipləridir və bu prinsiplərə münasibətdə ikili standartlara yol verilməməlidir. Ermənistan da özünün imzaladığı və qəbul etdiyi beynəlxalq sənədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını nəzərə alaraq, bu reallıqla hesablaşmalıdır. Təəssüf ki, son hadisələr Ermənistanın sülh prosesinə münasibətində müəyyən ziddiyyətlərin hələ də qaldığını göstərir.
“Azərbaycanın hərbi-siyasi üstünlüyü və 2023-cü ildə ərazi bütövlüyünün tam bərpasından sonra bölgədə yaranmış yeni vəziyyət Ermənistanı sülh gündəliyinə daha ciddi yanaşmağa vadar edib. Bu mərhələdə əsas məsələ əldə edilmiş nəticələrin geri çevrilməsinin deyil, onların üzərində dayanıqlı sülh və əməkdaşlıq mühitinin qurulmasının təmin edilməsidir. Bunun üçün isə Ermənistan cəmiyyətində revanşizmə, nifrət ritorikasına və Azərbaycanın suverenliyinə qarşı iddialara son qoyulmalıdır. Sülhün gələcəyi ilk növbədə cəmiyyətlərin düşüncəsində formalaşır. Ermənistanın siyasi rəhbərliyi də üzərinə düşən məsuliyyəti dərk etməli, cəmiyyətdə revanşist əhval-ruhiyyəni gücləndirən deyil, sülhü və qarşılıqlı etimadı təşviq edən mövqe ortaya qoymalıdır”, - deyə o qeyd edib.