AzTU-nun bakalavriat səviyyəsində qəbul planı 97 faiz yerinə yetirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Qeyd olunub ki, 2026/2027-ci tədris ili üzrə AzTU-nun bakalavriat səviyyəsində qəbul planı 97 faiz yerinə yetirilib.
Magistratura səviyyəsində isə qəbul planı 93 faiz yetirilib və bununla AzTU ölkə üzrə ikinci yerdə qərarlaşıb.
Tədbirdə tələbələrin yüksək nəticələri də xüsusi vurğulanıb. Bildirilib ki, bakalavriat səviyyəsi üzrə 646,7 bal toplayan Mehriban Şərifi informasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.
Magistraturaya qəbul imtahanında 99 bal toplayaraq respublika birincisi olan Cəmilə Yusifova AzTU-nun kibertəhlükəsizlik ixtisasına qəbul olunub.
Bundan əlavə, 2023-cü ildə magistraturaya qəbul imtahanında 100 baldan 100 bal toplayaraq Azərbaycan tarixində ilkə imza atan Nihad Zeynallı doktoranturaya qəbul imtahanında texnoloji innovasiyalar iqtisadiyyatı ixtisası üzrə respublika birincisi olub. O, doktorantura təhsilini AzTU-da davam etdirəcək. Almaniyanın Münxen Texniki Universitetinin magistr məzunu Sübhan Kamil isə kompüter elmləri ixtisası üzrə doktoranturaya qəbul imtahanında ən yüksək nəticə göstərərək respublika birincisi olub. Hər iki tələbə doktoranturaya qəbul üzrə xarici dil imtahanında 50 baldan 48 bal toplayıb.
Sonra yüksək nəticə göstərərək AzTU-ya qəbul olunan tələbələr çıxış ediblər. Onlar AzTU-nun son illərdəki inkişafını diqqətlə izlədiklərini, bu inkişafın bir parçası olmaqdan qürur duyduqlarını bildiriblər.
Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev tələbələri Bilik Günü münasibətilə təbrik edib, onlara tələbəlik illərində yüksək nailiyyətlər arzulayıb.
Vilayət Vəliyev bildirib ki, mühəndisliyin ünvanı olan AzTU-da tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi hazırlanması əsas hədəflərdəndir.
Rektor qeyd edib ki, AzTU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi, müasir tədris infrastrukturunun yaradılması və sənaye ilə əməkdaşlığın inkişafı istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
Rəsmi hissədən sonra yüksək balla AzTU-ya qəbul olunan tələbələrə hədiyyələr təqdim olunub.