Azərbaycan maliyyə dayanıqlılığından struktur iqtisadi dayanıqlılığa doğru irəliləyir – ŞƏRH
Bakı, 15 sentyabr, AZƏRTAC
Beynəlxalq reytinq agentliyi “Moody’s”in Azərbaycan iqtisadiyyatı ilə bağlı son qiymətləndirmələri ölkənin xarici iqtisadi və geosiyasi şoklara qarşı əhəmiyyətli maliyyə dayanıqlılığına malik olduğunu göstərir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı AZƏRTAC-a bildirib ki, Azərbaycanın güclü xalis kreditor mövqeyi, aşağı dövlət borcu və əhəmiyyətli fiskal ehtiyatları qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda ölkə iqtisadiyyatı üçün mühüm maliyyə buferi formalaşdırır. Azərbaycanın uzunmüddətli emitent reytinqinin “Baa3” səviyyəsində olması da ölkənin maliyyə dayanıqlılığı və xarici şoklara qarşı müqavimət imkanları ilə dəstəklənir.
Lətif Zeynallı qeyd edib ki, “Moody’s” 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz artım göstərəcəyini, ortamüddətli dövrdə isə iqtisadi artım tempinin illik 2–2,5 faiz ətrafında formalaşacağını proqnozlaşdırır.
“Bu proqnozun qiymətləndirilməsində yalnız ümumi iqtisadi artım tempinə deyil, artımın strukturuna da diqqət yetirilməsi vacibdir. Belə ki, neft hasilatında azalmanın iqtisadi artıma təsiri qeyri-neft sahələrində iqtisadi fəallığın genişlənməsi hesabına qismən kompensasiya olunur. Xüsusilə İKT, turizm və emal sənayesində müşahidə olunan dinamika iqtisadi artımın mənbələrinin tədricən şaxələndirilməsi baxımından əhəmiyyətlidir”, - deyə o qeyd edib.
İİTKM-in şöbə müdiri bildirib ki, “Moody’s”in qiymətləndirməsində Azərbaycanın maliyyə dayanıqlılığını dəstəkləyən mühüm amillərdən biri də Dövlət Neft Fondunda formalaşdırılmış əhəmiyyətli maliyyə aktivləridir: “Bu ehtiyatlar xarici və fiskal şokların təsirinin yumşaldılması, dövlət maliyyəsinin dayanıqlılığının qorunması və iqtisadi siyasətin çevikliyinin təmin edilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, dövlət maliyyəsinin idarə olunması, rəqəmsal idarəetmə, bank tənzimlənməsi və fiskal nəzarət istiqamətində həyata keçirilən islahatlar institusional dayanıqlılığın gücləndirilməsinə töhfə verir”.
Lətif Zeynallı vurğulayıb ki, növbəti mərhələdə əsas məsələlərdən biri mövcud maliyyə dayanıqlılığının struktur iqtisadi dayanıqlılığa çevrilməsidir.
“Bu baxımdan, formalaşdırılmış maliyyə imkanlarının qeyri-neft sektorunda məhsuldarlığın yüksəldilməsinə, özəl investisiyaların genişləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə, ixracın şaxələndirilməsinə və yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasına yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. “Moody’s”in rəqəmsal infrastruktura investisiyaları, regional bağlantıları və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirləri orta müddətli iqtisadi artımı dəstəkləyən amillər sırasında qiymətləndirməsi də bu yanaşmanı gücləndirir”, - deyə o bildirib.
Şöbə müdiri əlavə edib ki, regional nəqliyyat və ticarət bağlantılarının genişlənməsi Azərbaycanın iqtisadi şaxələndirmə imkanlarını artıran mühüm amillərdən biridir: “Ölkənin Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarında mövqeyinin güclənməsi tranzit imkanlarının genişlənməsi ilə yanaşı, logistika, xidmətlər, ticarət və investisiya kanalları vasitəsilə qeyri-neft iqtisadiyyatına əlavə impuls verə bilər. Regional sabitliyin möhkəmlənməsi və iqtisadi əlaqələrin genişlənməsi isə bu potensialın daha dolğun reallaşdırılmasına əlavə töhfə verə bilər. “Moody’s”in qiymətləndirməsi Azərbaycanın güclü maliyyə mövqeyinin iqtisadi dayanıqlılığın təmin edilməsində mühüm rol oynadığını göstərməklə yanaşı, uzunmüddətli perspektivdə maliyyə buferlərinin yaratdığı imkanlardan səmərəli istifadə etməklə daha məhsuldar, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadi artım modelinin formalaşdırılmasının əhəmiyyətini ön plana çıxarır”.