Aqil Şirinov: Tələbələr akademik biliklərlə yanaşı, şəxsi və peşəkar inkişafa da diqqət yetirməlidirlər
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov birinci kurs tələbələri ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor tələbələrə ali təhsil həyatına uyğunlaşmaları, tədris prosesində qarşıya qoyulmuş məqsədlərə nail olmaları və bu ali məktəbin yaratdığı imkanlardan səmərəli istifadə etmələri ilə bağlı tövsiyələrini verib.
Aqil Şirinov qeyd edib ki, tələbələr ali təhsil müddətində yalnız akademik biliklərin mənimsənilməsinə deyil, şəxsi və peşəkar inkişaflarına da diqqət yetirməlidirlər.
İnstitut rəhbəri bildirib ki, Aİİ-nin əsas məqsədlərindən biri ölkənin dini həyatında fəaliyyət göstərəcək savadlı, peşəkar və müasir çağırışları düzgün qiymətləndirə biləcək din xadimləri yetişdirməkdir. Bu baxımdan, tələbələrin nəzəri biliklərini gələcək peşə fəaliyyətləri ilə əlaqələndirmələri, dini elmlərlə yanaşı, dünyagörüşlərini və ümumi biliklərini də inkişaf etdirmələri vacibdir. İlahiyyat təhsili tələbələrə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməklə yanaşı, dövlət qurumlarında, akademik və elmi mühitdə, təhsil sahəsində və digər istiqamətlərdə də çalışmaq imkanları yaradır.
Görüş zamanı ərəb dili fənninə xüsusi diqqət yetirilməsi tövsiyə olunub. Bildirilib ki, ərəb dilinin yaxşı mənimsənilməsi tələbələrin gələcək akademik fəaliyyətləri, elmi araşdırmaları və ixtisas üzrə inkişafları baxımından mühüm əhəmiyyət daşıyır.
A.Şirinov, həmçinin Aİİ tələbələri üçün təqdim olunan təqaüd imkanları barədə məlumat verib, tələbələri tədrisdə yüksək nəticələr göstərməyə, ali təhsil müəssisəsinin elmi və ictimai fəaliyyətində fəal iştirak etməyə çağırıb.