Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
Bakı, 15 sentyabr, AZƏRTAC
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 15-də keçirilən iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif edilən dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır.
Təklif edilən dəyişikliklərə əsasən Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Qanunun 24-cü maddəsinə təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Layihə ilə təklif olunan digər dəyişiklik məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlıdır.
Qanun layihəsi təklif edilən dəyişikliklər səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.