Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO
Quba, 15 sentyabr, AZƏRTAC
Quba rayonunun dağlıq ərazisində Ağbaş kərkəslər müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peşəkar fotoqraf Lyokin təxminən 2200 metr yüksəklikdə yerləşən sıldırım qayalıqlarda 8–10 fərddən ibarət Ağbaş kərkəs dəstəsini lentə alıb.
Azərbaycanın ən iri quşlarından olan Ağbaş kərkəslərin qanad açımı 2,5 metrdən çoxdur. Nadir quşların yuva qurmaq üçün sıldırım qayalıqlarda əlverişli məkan seçdiyi müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Ağbaş kərkəslər Azərbaycanda əsasən Böyük və Kiçik Qafqaz dağlarında yayılıb. Dəniz səviyyəsindən 2000–3000 metr yüksəklikdə məskunlaşan bu quşlar quru dağ dərələrində, qayalıqlarda və kiçik mağaralarda yuva qururlar.
Fotoqraf Lyokinin çəkdiyi görüntülərdə Ağbaş kərkəslərin təbii yaşayış mühitindəki görüntüləri əks olunub.
Müxbir – Elxan Yusifli