Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, nazirlər prezidentlərin rəhbərliyi və baxışları əsasında formalaşmış və Şuşa Bəyannaməsində təsbit olunmuş strateji müttəfiqlik münasibətlərinin geniş gündəliyini nəzərdən keçiriblər.
Müzakirələr zamanı siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, investisiyalar, enerji, nəqliyyat və logistika, təhlükəsizlik və müdafiə, humanitar əməkdaşlıq, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiya məsələləri müzakirə olunub.
Nazirlər Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya kimi institusional mexanizmlərin əhəmiyyətini vurğulayıblar.
Tərəflər BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, D-8 və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–Pakistan–Türkiyə və Azərbaycan–Özbəkistan–Türkiyə kimi üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının regional təhlükəsizliyə, iqtisadi inkişafa və əlaqələndirməyə verdiyi töhfəni qeyd ediblər.
Görüşdə ötən il ərzində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş, eləcə də davamlı sülhün və regional əməkdaşlığın təmin olunması üçün atılacaq praktiki addımlar müzakirə edilib.
Nazirlər Yaxın Şərqdə və digər regionlarda baş verən hadisələr, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə də fikir mübadiləsi aparıblar.
Tərəflər münaqişələrin və hərbi qarşıdurmaların siyasi və diplomatik yollarla həll edilməli olduğuna dair ortaq mövqelərini bir daha təsdiqləyiblər.