BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Cenevrədə BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED) 31-ci sessiyası çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti məhsuldar və nəticəyönümlü olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrədə keçirilən sessiyada iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev məlumat verib.
O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən nümayəndə heyəti sentyabrın 14-də sessiyanın açılışında, vətəndaş cəmiyyəti təşkilatları üçün təşkil olunan xüsusi brifinqdə, həmçinin Ermənistanın ikinci dövri hesabatının Komitədə müzakirəsi zamanı və müzakirələrdən sonra keçirilən görüşlərdə fəal iştirak edib.
Umud Mirzəyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və BAMF-ın nümayəndəsi John Ayomide gün ərzində keçirilən tədbir və müzakirələrdə iştirak ediblər. Xüsusi brifinq zamanı Umud Mirzəyev və Sahib Məmmədov Komitə üzvlərinin diqqətini Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının alternativ hesabatlarında əksini tapmış əsas məsələlərə yönəldib, sualları cavablandırıblar. Daha sonra John Ayomide Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları adından hazırlanmış birgə bəyanatı səsləndirib.
Birgə bəyanat BAMF, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi və “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən təqdim olunub. Sessiyada iştirak etməməsinə baxmayaraq, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi də birgə bəyanata qoşulub.
BAMF prezidenti qeyd edib ki, Azərbaycan QHT-lərinin Cenevrəyə səfərinin ən mühüm nəticələrindən biri təqdim etdikləri faktların, qaldırdıqları məsələlərin və sualların Komitənin Ermənistanın ikinci dövri hesabatına baxışı zamanı öz əksini tapması olub. “Bizim üçün əsas məqsəd yalnız mövqeyimizi ifadə etmək deyildi. Məqsədimiz onilliklərdir taleyi naməlum qalan azərbaycanlılarla bağlı konkret faktların BMT-nin müvafiq mexanizmi çərçivəsində müzakirəyə çıxarılmasına nail olmaq idi. Brifinqdə, alternativ hesabatlarımızda və birgə bəyanatda qaldırdığımız məsələlərin mühüm hissəsi Komitə üzvləri tərəfindən Ermənistan nümayəndə heyətinə ünvanlanan suallarda öz əksini tapdı. Hesab edirəm ki, bu, Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrədə apardığı işin ən mühüm nəticələrindən biridir”, – deyə Umud Mirzəyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri, xüsusilə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürüldükdən sonra taleyi naməlum qalan şəxslər, o cümlədən qadınlar və uşaqlar, saxlanma yerləri və kütləvi məzarlıqlarla bağlı məlumatların təqdim edilməsi məsələlərinə diqqət yönəldiblər. Azərbaycan QHT-lərinin təqdim etdiyi materiallarda 4 min 10 itkin azərbaycanlının taleyinin aydınlaşdırılması, əsir və girov götürüldükdən sonra yoxa çıxmış şəxslər haqqında Ermənistanın malik olduğu məlumatların təqdim edilməsi, eləcə də kütləvi məzarlıqların və dəfn yerlərinin koordinatlarının Azərbaycana verilməsi tələb olunur.
“İtkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi siyasi mübahisə predmeti deyil. Bu, ilk növbədə, fundamental humanitar və insan hüquqları məsələsidir. Minlərlə ailə 30 ildən artıqdır öz yaxınlarının taleyi barədə xəbər gözləyir. Bu insanların həqiqəti bilmək hüququ var. Ermənistanın malik olduğu məlumatları təqdim etməsi, mümkün dəfn yerləri və kütləvi məzarlıqlar barədə məlumatları açıqlaması həm humanitar öhdəlik, həm də iki ölkə arasında etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə BAMF prezidenti vurğulayıb.