ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə təntənəli tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATU-dan məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli yeni tədris ili münasibətilə professor-müəllim heyətini, tələbələri və valideynləri təbrik edib.
Rektor xüsusilə I kurs tələbələrinə müraciət edərək, onların bu gün ATU-nun böyük ailəsinə qoşulduqlarını vurğulayıb. O bildirib ki, tələbə, xüsusilə də ATU tələbəsi adını qazanmaq böyük zəhmət, əzmkarlıq və fədakarlıq tələb edir.
Gəray Gəraybəyli bu il universitetə qəbul olunan tələbələrin yüksək nəticələri ilə seçildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ATU-ya qəbul olunan gənclər ölkə üzrə ən yüksək nəticə göstərən abituriyentlər sırasında yer alıblar.
ATU-nun 96 illik tarixə malik olduğunu qeyd edən rektor universitetin məzunlarının Azərbaycan səhiyyəsinin və elminin inkişafında mühüm rol oynadığını, onların ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etdiklərini bildirib.
Universitetin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan rektor Ulu Öndər Heydər Əliyevin ATU-ya səfərlərini xatırladıb. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu sosial və gənclər siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Rektor tibb təhsili və səhiyyənin, eləcə də gənclərin inkişafının dövlət siyasətində xüsusi yer tutduğunu bildirib. O, ATU-nun tədris klinikalarının təməlqoyma və açılış mərasimlərində dövlətimizin başçısının və Birinci vitse-prezidentin iştirakını universitetə göstərilən diqqətin mühüm göstəricisi kimi dəyərləndirib.
Gəray Gəraybəyli, həmçinin I kursa qəbul olunan tələbələrin böyük əksəriyyətinin dövlət hesabına təhsil alacağını diqqətə çatdırıb və dövlət hesabına təhsil alan tələbələrin sayının ildən-ilə artdığını bildirib.
Daha sonra tələbələr adından ATU-ya 700 balla qəbul olunan Samir Tağızadə, Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva və Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyevin qızı Rəhilə Mirzəyeva çıxış ediblər. Tələbələr qazandıqları uğurda ailələrinin və müəllimlərinin böyük rolunu qeyd edib, göstərilən dövlət qayğısına görə təşəkkürlərini bildiriblər.
Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov da tədbirdə çıxış edərək, həkimlik kimi şərəfli və məsuliyyətli peşəni seçən gənclərə uğurlar arzulayıb.
Ardınca tələbələrin həkimliyi - təmizlik, peşəkarlıq, etibar və məsuliyyəti simvolizə edən ağ xalat geyinmə mərasimi olub. Samir Tağızadənin, Ayan Niftəliyevanın və Rəhilə Mirzəyevanın həkim kimi ilk xalatları professor Gəray Gəraybəyli tərəfindən geyindirilib.
Tədbirin sonunda rektor yüksək bal toplayaraq ATU-ya qəbul olunan tələbələrə xatirə hədiyyələri təqdim edib.