Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində 2026–2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqə əsasında keçirilib. Çoxsaylı müraciətlər arasından xoreoqrafiya sənətinə xüsusi maraq və qabiliyyət nümayiş etdirən uşaqlar seçim mərhələsinin nəticələrinə əsasən Akademiyada təhsil almaq hüququ qazanıblar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova söyləyib.
Direktor bildirib ki, tam orta təhsil pilləsində tədris modeli ümumi təhsil hazırlığı ilə xüsusi xoreoqrafiya təhsilinin üzvi şəkildə əlaqələndirilməsi prinsipi əsasında qurulub. Təhsilin 6 yaşdan başlanması uşaqların erkən dövrdə yaradıcılıq imkanlarının müəyyənləşdirilməsinə, onların fərdi xüsusiyyətlərinin nəzərə alınmasına və gələcək peşə istiqamətinin məqsədyönlü şəkildə formalaşdırılmasına imkan verir. Xoreoqrafiya sənəti üzrə təhsilin spesifikliyi ondan ibarətdir ki, peşəkar hazırlığın fundamental elementləri uzunmüddətli və ardıcıl təlim tələb edir. Klassik rəqs texnikası, musiqi və ritm duyumu, koordinasiya, plastika, hərəkət mədəniyyəti və səhnə davranışı kimi bacarıqların formalaşdırılması erkən yaşlardan başlayan sistemli məşğələ prosesinin nəticəsində mümkün olur.
Bəşarət Hüseynovanın sözlərinə görə, qəbul müsabiqəsində namizədlərin xoreoqrafiya sənətinə ilkin uyğunluğu müxtəlif meyarlar əsasında qiymətləndirilib. Seçim zamanı uşaqların fiziki imkanları ilə yanaşı, ritm və musiqi duyumu, koordinasiya qabiliyyəti, plastika, səhnə mədəniyyəti və inkişaf potensialı nəzərə alınıb.

Komissiyanın tərkibində xoreoqrafiya sənəti üzrə mütəxəssislərlə yanaşı, pedaqoji, musiqi, tibbi və psixoloji sahələri təmsil edən mütəxəssislərin də yer alması namizədlərin yaradıcılıq potensialının və fərdi qabiliyyətlərinin kompleks şəkildə qiymətləndirilməsinə imkan verib. Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsində tətbiq olunan modelin mühüm xüsusiyyətlərindən biri ümumi təhsil və xüsusi peşə hazırlığının paralel aparılmasıdır.
Müsahibimiz qeyd edib ki, xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir. Sistemli məşğələ, intizam, pedaqoji müşayiət və şagirdin öz üzərində davamlı çalışması istedadın peşəkarlığa çevrilməsinin əsas şərtləridir. Akademiyanın tam orta təhsil pilləsində xüsusi fənlərin tədrisi Azərbaycan xoreoqrafiya məktəbinin ənənələrinin qorunması və inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir. Klassik balet hazırlığının milli rəqs təlimi ilə paralel aparılması şagirdlərə həm dünya xoreoqrafiya sənətinin fundamental prinsiplərini, həm də Azərbaycan xalq rəqs mədəniyyətinin zəngin irsini öyrənmək imkanı yaradır.

2026–2027-ci tədris ili üçün qəbul olunan şagirdlər qarşısında yeni təhsil mərhələsi ilə yanaşı, mühüm yaradıcılıq perspektivləri də açılır. Akademiyada formalaşdırılan təhsil mühiti onların gələcəkdə müxtəlif səhnə və yaradıcılıq istiqamətlərində fəaliyyət göstərməsi üçün zəruri baza yaratmağa yönəlib.
B.Hüseynova Akademiyaya qəbul olunan hər bir uşağın uğurunun, eyni zamanda, Azərbaycan xoreoqrafiya sənətinin gələcəyinə verilən töhfə olduğunu bildirib.
“İnanırıq ki, bu gün təhsil yoluna başlayan şagirdlər gələcəkdə milli rəqs və balet məktəbimizin ənənələrini layiqincə davam etdirəcək, öz peşəkarlıqları ilə Azərbaycan incəsənətini ölkə daxilində və beynəlxalq səhnələrdə təmsil edəcəklər”, - deyə müsahibimiz bildirib.
Müxbir - Tünzalə Arazlı