Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Möhtəşəm müsəlman sivilizasiyası kontekstində yaranan böyük intibah misli görülməmiş dini, elmi və mədəni inkişafla müşayiət edilib. Həmin böyük inkişaf nəticəsində müsəlman aləmi elmin bir çox sahələrində – fəlsəfə, riyaziyyat, həndəsə, coğrafiya, astronomiya, incəsənət, ədəbiyyat və poeziyada misli görülməmiş çiçəklənmə dövrünə qədəm qoyub. Mənəvi paklaşma və saflaşma yolunu təbliğ edən cərəyanlar geniş vüsət alıb, müxtəlif sufi təriqətlər yaranıb.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın ikinci günündə çıxışı zamanı deyib.
Akademik qeyd edib ki, Şərqşünaslıq İnstitutunda Şərqin digər sahələri ilə yanaşı, fəlsəfə, din və müxtəlif dini cərəyanlar daim tədqiq edilib. Bu sahədə onlarla dissertasiya müdafiə olunub, yüzlərlə tədqiqat aparılıb, kitablar nəşr edilib.
O bildirib ki, Seyid Yəhya Bakuvinin əsərləri də institutda daim diqqət mərkəzində olub, tədqiq və tərcümə edilib, müxtəlif dövrlərdə işıq üzü görüb.