Narkomanlığa qarşı mübarizə çərçivəsində bu il 234 maarifləndirici tədbir təşkil edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust ayları ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ümumilikdə 234 tədbir keçirilib.
İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlərin 168-i maarifləndirici və təşkilati görüş, seminar və təlim, 66-sı isə əhali arasında narkomanlığın zərərləri barədə məlumatlılığı artırmağa yönəlmiş maarifləndirici sosial aksiyalardan ibarət olub. Əlavə olaraq, narkotik və psixotrop maddələrin zərərləri barədə cəmiyyətdə məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrində məktəb rəhbərləri, müəllimlər, məktəb psixoloqları, valideynlər və valideynlər şurasının üzvləri üçün xüsusi maarifləndirici təlimlər təşkil olunub.
Keçirilən tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni maarifləndirici və məlumatlandırıcı əyani vəsaitlərin iştirakçılar arasında paylanması təmin edilib.