Nazirlik rəsmisi: Növbəti tədris ilində təhsillə yanaşı, tərbiyə məsələləri də ön plana çəkiləcək
Quba, 15 sentyabr, AZƏRTAC
Bu yaxınlarda 15 yaşlı şagirdlər arasında PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın dünya üzrə nəticələri açıqlanıb. Azərbaycanın da nəticələri məlumdur. Çox sevindirici haldır ki, Azərbaycan məktəbllilərinin həm oxu, həm riyaziyyat, həm də təbiət elmləri üzrə nəticələri fərqlidir. Bu istiqamət üzrə Azərbaycan 91 ölkə arasında ən çox sırayış edən, yəni ən çox sürətlə öz nəticələrini artıran ikinci bir ölkə olub. Biz ümid edirik ki, gələcəkdə bu nəticələr daha da artacaq.
Bunu Qubada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov söyləyib. “Bizim zəif görünən nəticələrimiz oxuyub-anlamaqla bağlıdır. Elm və Təhsil Nazirliyi də cari tədris ilində məhz bu istiqaməti bir prioritet kimi müəllimlərin qarşısında vəzifə olaraq qoyub. Bizim bütün müəllimlərimiz şagirdlərin oxuyub-anlamaq, istər riyaziyyat sahəsində, istər təbiət elmləri sahəsində bacarıqlarının daha da artırılması istiqamətində fəaliyyət göstərəcəklər. Növbəti tədris ilində təhsillə yanaşı, tərbiyə məsələləri, şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik, azərbaycançılıq mövzusunda tərbiyəsi də ön plana çəkiləcək. Eyni zamanda, şagirdlərin, təhsil alanların təhlükəsizliyi, psixi inkişafı, dərsə davamiyyəti də bizim diqqət mərkəzində olan məsələlərdən olacaq”, - deyə Fərzəli Qədirov söyləyib.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda təhsil islahatları uğurla həyata keçirilir. Təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, təmayüllü istiqamətli məktəblərin sayının artırılması, ümumi təhsildə adam başına maliyyələşmənin tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı qarşıya qoyulan əsas məqsədlərdəndir.
Müxbir- Elxan Yusifli