Nigerli futbolçu: “Zirə”nin hədəfi həm yüksək pillələr, həm də kubokdur - MÜSAHİBƏ
Bakı, 15 sentyabr, AZƏRTAC
“Zirə” komandasının Nigerdən olan futbolçusu İssa Cibrilla AZƏRTAC-ın suallarını cavablandırıb.
- Azərbaycan Premyer Liqasının V turunda evdə “Qarabağ”la 1:1 hesablı heç-heçə etdiniz. Komandanızın yeganə qoluna imza atdınız. Bu oyun barədə nə deyə bilərsiniz? Sizcə, bu nəticə ədalətli oldu?
- Çox yaxşı komandaya qarşı gərgin və mübarizəli oyun keçirdik. Qarşılaşmada yaxşı oyun nümayiş etdirdik və qalib gəlmək üçün imkanlarımız oldu. Sonda düşünürəm ki, heç-heçə ədalətli nəticədir. Buna baxmayaraq, doğma meydanda oynadığımız üçün üç xal qazanmaq istəyirdik.
- Hazırda komandanız turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb. Klub rəhbərliyi bu mövsüm Premyer Liqada və Azərbaycan Kubokunda qarşınıza hansı hədəfləri qoyub?
- Əsas məqsədimiz çempionatı üst pillələrdə başa vurmaqdır. Azərbaycan Kubokunda isə ötən mövsümdən daha yaxşı nəticə göstərərək kuboku qazanmaq istəyirik. Bilirik ki, bunlar iddialı hədəflərdir. Lakin komandamıza inanırıq və bu məqsədlərə çatmaq üçün əlimizdən gələni edəcəyik.
- Son illərdə ölkə çempionu olan “Qarabağ” avrokuboklarda da mübarizəni dayandırıb. Bu, “Zirə” və digər komandalar üçün əlavə çətinlik yarada bilərmi?
- Bəli, əlbəttə. “Qarabağ” hələ də çox güclü komandadır. Avropada daha az oyun keçirməsi onlara çempionata daha çox diqqət ayırmaq imkanı verə bilər. Bu da rəqabəti daha da çətinləşdirəcək. Amma biz ilk növbədə öz oyunumuz və nəticələrimiz barədə düşünməliyik.
- Çempionluq mübarizəsində hansı komandanı əsas rəqibiniz kimi görürsünüz?
- Əsas rəqiblər kimi “Qarabağ” və “Sabah”ı qeyd edərdim. Hər iki komanda çox güclüdür və yüksək hazırlığa malikdir. Amma çempionat hələ uzunmüddətli mübarizəni nəzərdə tutur. Bizim üçün ən vacib məsələ sabit çıxış etmək və hər oyunda maksimum xal toplamaqdır.
- Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun olacaq. “Turan Tovuz” rəqabətədavamlı komandadır və bilirik ki, bizə çətinlik yarada bilər. Qarşılaşmaya yaxşı hazırlaşacağıq və üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.