Elçin Babayev: BDU rəqabət qabiliyyətinə malik insan kapitalının yetişdirilməsi missiyasını uğurla yerinə yetirir
Bakı, 15 sentyabr, AZƏRTAC
107 illik tarixə malik Bakı Dövlət Universiteti (BDU) ölkəmizdə elmə, təhsilə, intellektual inkişafa böyük töhfələr verib. 16 fakültə, 114 kafedraya, 25 mindən artıq tələbə və 3000 minə yaxın heyətə malik olan BDU-nun əsas gücü onun elmi məktəblərində, ənənələrində, müəllimlərində, tələbə və məzunlarındadır.
AZƏRTAC xəbər verir ki, BDU rektoru Elçin Babayev bu fikirləri universitetdə 15 sentyabr – Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
“Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının ən parlaq mərhələsini yaşayır, iqtisadiyyatımız gündən-günə güclənir, Qarabağda, Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir. Bakı Dövlət Universiteti ölkəmizin əsas ali məktəbi kimi güclü elmə, müasir təhsilə, rəqabət qabiliyyətinə malik insan kapitalının yetişdirilməsi missiyasını uğurla yerinə yetirir. BDU-da təhsil almaq böyük şərəf və məsuliyyətdir. Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu BDU-nun tələbəsi olmaq böyük qürurdur. Əminəm ki, siz BDU tələbəsi adını qürurla daşıyacaq, ölkəmiz üçün layiqli vətəndaşlar, peşəkar kadrlar kimi yetişəcəksiniz”, - deyə E.Babayev bildirib.
Rektor xatırladıb ki, bu il BDU-ya 5000-ə yaxın tələbə qəbul olunub. Onlardan 500 nəfərə yaxını 600-dən yuxarı bal toplayıb.