Türkiyəli sosioloq: Uşaqlar üçün sosial şəbəkələrə qadağa əsaslıdır
Bakı, 15 sentyabr, AZƏRTAC
Mövcud şəraitdə sosial şəbəkələrin, xüsusilə uşaqlara münasibətdə, hər keçən gün daha qarşısıalınmaz hala gəlməsi, alqoritmlərin bizim nəzarətimizdə olmayan məzmunu ekrana çıxarması sosial şəbəkələrə qadağanın əslində əsaslı olduğunu göstərir. Türkiyədə də bu sahədə yeni normativ aktlar qəbul edilir. 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi, eləcə də 15-18 yaş arası yeniyetmələr üçün məzmunun süzgəcdən keçirilməsi sisteminin tətbiqi istiqamətində işlər aparılır. Onların tətbiqinə oktyabr-noyabr aylarında başlanacağı ilə bağlı rəsmi açıqlamalar verilib.
Bu barədə türkiyəli sosioloq-tədqiqatçı Duyğu Demiryürek AZƏRTAC-a danışıb.
“Bütün bu tədbirləri və yeni qanunları nəzərə alaraq, xüsusilə fəal inkişaf dövründə olan 15 yaşadək uşaqların sosial şəbəkələrin təsirinə nə qədər sürətlə məruz qaldığını və onların qarşılaşdıqları faydalı və ya zərərli məzmunun zaman keçdikcə onlar üçün nümunəyə çevrildiyini görürük. Belə məzmunun bu yaş qrupunda olan uşaqlara, onların zehni inkişaf baxımından ən həssas olduğu dövrdə təsiri şəxsi və sosial həyatlarında müəyyən problemlərin yaranmasına səbəb ola bilər”, – deyə o izah edib.
Onun sözlərinə görə, hazırda uşaqlar və yeniyetmələr arasında sosial şəbəkələrdən asılılığın artması müşahidə olunur və bunu hətta böyüklər və yaşlı insanlar arasında da görürük. “Bununla yanaşı, son vaxtlar 18 yaşadək uşaqların və ya yeniyetmələrin sosial şəbəkələrin təsiri altında və ya onlardan istifadə nəticəsində psixoloji problemlərlə üzləşə biləcəyi, bəzi hallarda isə bu təsirin hətta cinayət törədilməsinə gətirib çıxara biləcəyi halları ilə tez-tez qarşılaşırıq. Buna görə də ailələrin belə öhdəsindən gələ bilmədiyi və hətta onların xəbəri olmadan baş verən virtual zorakılıqdan kibercinayətlərə qədər müxtəlif halların mövcud olduğu şəraitdə müvafiq tədbirlərin görülməsinin və dövlət səviyyəsində qanunvericilik normalarının tətbiqinin qaçılmaz zərurətə çevrildiyini birmənalı şəkildə söyləmək olar”, – deyə D.Demiryürek bildirib.
Türkiyəli sosioloq qeyd edib ki, əlbəttə, belə tədbirlər problemin 100 faiz həllini heç də həmişə təmin edə bilməz. “Axı, məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, qanunvericilik tədbirləri problemin yalnız hüquqi və inzibati tərəflərini əhatə edir. Yəni onlar cinayətlərə, zorakılığa və arzuolunmaz məzmuna gedən yolda çəkindirici mexanizm yarada bilər. Lakin rəqəmsal mühitdəki riskləri yalnız qanunların köməyi ilə tamamilə aradan qaldırmaq mümkün deyil. Rəqəmsal texnologiyalar dövründə böyüyən bu nəsil alternativ yolları tez bir zamanda tapacaq. Arzu olunan nəticələrin əldə edilməsi inzibati nəzarətdən, platformaların öz öhdəliklərini yerinə yetirməsindən, eləcə də ailələrin uşaqlarına düzgün istiqamət verməsi və rəqəmsal intizamı təmin etməsindən asılıdır”, – deyə sosioloq fikrini yekunlaşdırıb.
Müəllif – Leyla Muradzadə