Neftin qiymətinin artması Azərbaycanın makroiqtisadi sabitliyini dəstəkləyə bilər – ŞƏRH
Bakı, 14 sentyabr, AZƏRTAC
“Azeri Light” markalı neftin bir barelinin qiymətinin 120 dolları ötməsi Azərbaycanın dövlət büdcəsi və Dövlət Neft Fondu üçün əlavə gəlir imkanları yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O deyib ki, büdcə hesablamalarında neftin qiymətinin 65 dollar səviyyəsində götürülməsi və hazırda 85 faizdən artıq səviyyədə ixrac olunması qiymət baxımından ciddi iqtisadi maliyyə daxilolmalarına imkan yaradır.
“Lakin yüksək neft qiymətləri avtomatik olaraq ixrac gəlirlərinin yalnız müsbət tərəfi kimi qiymətləndirilməməlidir. Burada əsas məqamlardan biri neft hasilatının və ixrac həcmlərinin əvvəlki illərlə müqayisədə davamlı azalmasıdır. Belə ki, 2025-ci ildə Azərbaycan 23,4 milyon ton neft ixrac etdiyi halda, 2026-cı ilin ilk yeddi ayında bu göstərici 12,7 milyon ton təşkil edib. Mövcud dinamika nəzərə alınarsa, cari ildə ötən ilin ixrac həcminə çatmaq çətin görünür. Bu baxımdan, neftin dünya bazarında yüksək qiymətlərlə satılması orta müddətli perspektivdə Azərbaycanın makroiqtisadi sabitliyi üçün müsbət amil hesab oluna bilər. Artan valyuta daxilolmaları ölkənin tədiyyə balansının, valyuta ehtiyatlarının və dövlət büdcəsinin gəlirlərinin dəstəklənməsinə imkan yaradır. Hansı ki, hər 10 dollar baha satılan neft illik kontekstdə ölkə büdcəsi üçün 400 milyon manat əlavə vəsait və imkan deməkdir.
Bununla yanaşı, neft gəlirlərinin kəskin artması dövlət xərclərinin həddindən artıq genişlənməsi riskini də artırır. Bu da birmənalı şəkildə həm qlobal iqtisadiyyatda, həm də ölkə iqtisadiyyatında inflyasiyanı, o cümlədən də iqtisadiyyatın neftdən asılılığı baxımından müəyyən risklər yaradır”,- deyə o qeyd edib.
E.Əmirov qeyd edib ki, bu baxımdan, əlavə neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına, istehsal və ixrac potensialının genişləndirilməsinə, eləcə də iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır: “Yüksək neft qiymətlərindən formalaşan əlavə valyuta daxilolmaları düzgün idarə olunduğu halda qeyri-neft sektorunun gücləndirilməsinə və iqtisadi artımın daha dayanıqlı əsaslar üzərində qurulmasına müsbət təsir göstərə bilər.
Lakin uzunmüddətli perspektivdə neft hasilatı və ixrac həcmlərinin azalma tendensiyası davam edərsə, yalnız yüksək qiymətlər hesabına gəlirlərin artırılması davamlı iqtisadi model üçün kifayət etməyəcək. Belə şəraitdə artan xərclər və azalan ixrac həcmlərinin yaratdığı balanssızlıq inflyasiya təzyiqlərini gücləndirə və neft gəlirlərindən asılılığın yaratdığı riskləri daha da artıraraq iqtisadi sabitliyə təsir göstərə bilər”.