Baş katib: Dini liderlərin əməkdaşlığı və rəqəmsal dəyişikliklərə uyğunlaşma xüsusi əhəmiyyət daşıyır VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü mühüm əhəmiyyət daşıyır.
Bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev AZƏRTAC-a məxsusi açıqlamasında deyib.
O bildirib ki, dini liderlərin bu cür toplantılarının keçirilməsi əməkdaşlığın daha da genişləndirilməsi baxımından önəmlidir.
“Bugünkü toplantımız çox önəmlidir. Çünki dünya sürətlə dəyişir. Texnologiya və rəqəmsallaşma həyatımızın bütün sahələrinə təsir göstərir. Bu dəyişikliklərə uyğunlaşmaq və İslam dəyərlərini müasir həyatımıza düzgün şəkildə çatdırmaq vacibdir”, – deyə TDT-nin Baş katibi qeyd edib.
Kubanıçbek Ömüralıyev dini təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin də mühüm nəticələr verəcəyini vurğulayıb.
O, Azərbaycanın dini liderlərinin Prezident İlham Əliyevə müraciət ünvanladığını bildirib: “Müraciətdə Türk dünyası liderlərinin göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub”.