Qarabağ və Şərqi Zəngəzur hazırda dirçəliş və yüksəliş dövrünü yaşayır ŞƏRH
Bakı, 14 sentyabr, AZƏRTAC
Otuz ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur hazırda dirçəliş və yüksəliş dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Böyük Qayıdış uğurla reallaşmaqdadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “Ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ildə Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.
Deputat bildirib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, onminlərlə insan yaşayır.
"İşğaldan azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə bərpası üçün dövlətimiz siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş köçkünlərin qayıdışı ilə məhdudlaşmır, həm də dünyanın diqqət mərkəzindədir. Azad edilmiş şəhərlərdə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Bütün bunlar isə çox qürurvericidir", - deyə S. Vəliyev vurğulayıb.
Milli Məclisin deputatının sözlərinə görə, bununla belə müəyyən çağırışlar aktual olaraq qalır. Belə ki, işğal dövründə ermənilər tərəfindən ərazilərin minalanması keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etmək əzmindədir. Humanitar minatəmizləmə prosesi Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.
“Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Bütün bunlarla yanaşı, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Ermənistanın törətdiyi mina terroruna biganə qalmamalıdır”,- deyə, o əlavə edib.