İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da
Bakı, 14 sentyabr, AZƏRTAC
İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Nümayəndə heyəti ilə keçirilən görüşlər zamanı BDU-da süni intellekt sahəsində həyata keçirilən işlər, bu istiqamətdə yaradılmış Süni intellekt etikası kafedrasının fəaliyyəti və əsas fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə məlumat verilib. Süni intellekt texnologiyalarının ali təhsildə tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı və təhsil idarəçiliyində istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti BDU-nun Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzində də olub. Onlara Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün yaradılan imkanlar haqqında məlumat verilib.
Müzakirələrin əsas mövzularından biri də süni intellekt texnologiyalarının təhsil sahəsinə təsiri olub. Süni intellekt alətlərindən tədris prosesində istifadənin yaratdığı imkanlar, onların təhsilin keyfiyyətinin yüksəldilməsinə potensial töhfəsi ilə yanaşı, mümkün riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə süni intellektdən istifadənin akademik dürüstlük, tələbələrin müstəqil düşünmə və yaradıcılıq bacarıqlarına təsiri məsələlərinə diqqət yetirilib.
Tərəflər arasında gələcək əməkdaşlıq imkanları, xüsusilə süni intellekt, rəqəmsal təhsil və müasir pedaqoji texnologiyalar sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri də müzakirə edilib.