Aİ ölkələri Arktikada strateji maraqlarını qorumaq üçün fəaliyyətlərini gücləndirmək niyyətindədir
Berlin, 14 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələri Arktikada strateji maraqlarının qorunması və regionda təhlükəsizliyin gücləndirilməsi məqsədilə qurum çərçivəsində fəaliyyətlərini artırmaq barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiyanın Rovaniemi şəhərində keçirilən Avropa Arktika Sammitinin yekunlarına dair birgə bəyanatda bildirilib.
Aİ-nin 12 üzvünün yüksəksəviyyəli nümayəndələrinin qatıldığı görüşdə qurumun Arktikanın Avropa hissəsində daha strateji və fəal siyasət yürütməsinin vacibliyi vurğulanıb. Tərəflər monitorinq və informasiya mübadiləsinin gücləndirilməsi, vahid vəziyyət mənzərəsinin yaradılması, nəqliyyat və rəqəmsal infrastruktura, hərbi mobilliyə, eləcə də kritik obyektlərin qorunmasına investisiyaların artırılmasını dəstəkləyiblər.
Bundan başqa, Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətlərinin artması region üçün əsas təhdidlərdən biri kimi göstərilib. Çinin artan marağı, Ukraynadakı müharibənin nəticələri və iqlim dəyişiklikləri də Arktikada geosiyasi vəziyyəti dəyişdirən amillər kimi qeyd olunub.
Aİ Şurasının Prezidenti Antonio Koşta Sammitdən sonra açıqlamasında bildirib ki, Arktikanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. Onun sözlərinə görə, yeni geosiyasi reallıq Aİ-nin gələcək uzunmüddətli büdcəsində təhlükəsizliyə və müdafiəyə, o cümlədən Arktika regionuna yatırımların artırılmasında əksini tapacaq.
Sammitin iştirakçıları Arktikada təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı, kritik xammal ehtiyatları, gəmiçilik, kosmik sənaye və rəqəmsal bağlantı sahələrində iqtisadi imkanların daha səmərəli istifadəsini də nəzərdə tuturlar.