Emin Əmrullayev: “SABAH City” layihəsi tələbələri innovasiya mühitinə daha yaxından cəlb edəcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Bu gün Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “SABAH City”nin unikal layihə olduğunu düşünürəm.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında AZƏRTAC-ın müxbirinin sualına cavab verərkən deyib. Nazir bildirib ki, “SABAH City” Elm və Təhsil Nazirliyinin tabeliyində olan Yüksək Texnologiyalar Parkının brendidir. Layihənin əsas məqsədi ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin innovasiya və texnologiya mühitinə daha yaxından cəlb olunmasıdır.
Emin Əmrullayev qeyd edib ki, ali təhsil müəssisələri ilə sənayenin ayrı-ayrı məkanlarda fəaliyyət göstərməsi bir sıra problemlər yaradır. “SABAH City” isə universitet və biznes mühitinin bir məkanda formalaşmasına imkan verir. Nazirin sözlərinə görə, hazırda “SABAH City”də 20-yə yaxın startap və böyük şirkətlərin informasiya texnologiyaları bölmələri fəaliyyət göstərir. Burada çalışan proqramçılar tələbələrlə yaxın məsafədə yerləşirlər. Bu isə həm tələbələrin real iş mühitini yaxından görməsinə, həm də IT mütəxəssislərinin tələbələrlə bilik və təcrübə mübadiləsi aparmasına imkan yaradır.
Nazir layihənin daha bir mühüm xüsusiyyətinin dövlət maliyyəsindən istifadə edilmədən, özəl investisiyalar hesabına həyata keçirilməsi olduğunu vurğulayıb. Bildirib ki, layihə dövlət-özəl tərəfdaşlığı modelinə əsaslanır və TİK (tik-işlət-dövr et) mexanizmi çərçivəsində 49 ildən sonra binaların dövlətə verilməsi nəzərdə tutulur.
Emin Əmrullayev diqqətə çatdırıb ki, “SABAH City” tələbələrin innovasiya və sahibkarlıq mühitinə erkən yaşdan inteqrasiyası baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, tələbələrin özlərindən bir neçə yaş böyük gənclərin startap və şirkətlər qurduğunu, innovasiya ilə məşğul olduğunu görməsi onların gələcək karyera seçimlərinə müsbət təsir göstərə bilər.
“Layihənin ilk mərhələsi 20 min kvadratmetr ərazidə başlayıb. Gələcəkdə burada tələbə sayının artırılması, həmçinin elm tutumlu sahələr üzrə yeni laboratoriyaların yaradılması planlaşdırılır. Hazırda “SABAH City”də Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin iştirakı ilə əsasən informasiya texnologiyaları və elm tutumlu istiqamətlər üzrə fəaliyyətlər həyata keçirilir. Ətraf mühit, nanotexnologiyalar və digər sahələr üzrə laboratoriyaların yaradılması da nəzərdə tutulur. Bu, həm biznesə, həm universitetə, yəni həm sənayeyə, həm də ali təhsil müəssisələrinə bir yerdə əməkdaşlıq etmək üçün unikal imkan verir. Düşünürəm ki, bilik iqtisadiyyatına keçiddə bu, olduqca vacibdir”, – deyə Emin Əmrullayev əlavə edib.