Ramin Məmmədov: Mövcud münasibətlərin ənənəvi əməkdaşlıq çərçivəsinə çevrilməsi prioritetdir
Bakı, 14 sentyabr, AZƏRTAC
Türk dünyası ölkələri arasında yaxın və məzmunlu əlaqələr davamlı xarakter alaraq bizi bir daha Bakıda bir araya gətirib. Prezident İlham Əliyevin “Biz bir ailəyik və bu ailə Türk dünyasıdır” fikri mənəvi və mədəni inteqrasiyanın, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın əsas prinsiplərindən biridir. Dövlətimizin başçısının nümayiş etdirdiyi yüksək siyasi iradə və strateji baxış xalqlarımız arasında mənəvi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi üçün mühüm şərait yaradıb.
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən I Beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda əsas strateji prioritet yeni yaradılmış platformanın fəaliyyətinə sistemli və əlaqələndirilmiş yanaşmanın təmin edilməsi, eləcə də mövcud münasibətlərin ənənəvi əməkdaşlıq çərçivəsinə çevrilməsidir.