Onur Beyhan: Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq
İstanbul, 14 sentyabr, AZƏRTAC
Türk Strateji Düşüncə Mərkəzinin (TÜMER) rəhbəri Onur Beyhanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi müstəqillik yolundan bəhs edən məqaləsi Türkiyənin “Kemalist Yön” jurnalının 12-ci sayında dərc olunub.
AZƏRTAC xəbər verir ki, “İqtisadi qalxan: Heydər Əliyevin enerji şahmatı və tam müstəqillik” başlıqlı məqalədə Azərbaycanın müstəqillik mübarizəsi və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik düşüncəsi strateji perspektivdən təhlil edilib.
Türk dünyasının iki dahi lideri-Ümummilli Lider Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün tarixi addımları əsasında müqayisənin aparıldığı yazıda deyilir: “Heydər Əliyevin hakimiyyətə gəlişi sadəcə hökumət dəyişikliyi deyil, iflasa uğramış və iflic vəziyyətinə düşən dövlət mexanizminin, tam müstəqillikçi kamalizm prinsipləri ilə diqqətçəkən şəkildə üst-üstə düşən “Dövlətin yenidən qurulması” prosesinin başlanğıcı idi”.
Yazıda Türkiyə baxımından da Azərbaycanın tarix, dövlətçilik düşüncəsi və geosiyasi reallığın birlikdə qiymətləndirilməsi ilə ələ alınmasının vacibliyini vurğulayan Beyhan araşdırmasında Azərbaycanın keçmişini öyrənməyin gələcəyin Avrasiyasını oxumaq baxımından mühüm əhəmiyyət daşımasına diqqət çəkib.
Müəllif Türk dünyasının geosiyasi gələcəkdə tam müstəqillik məqsədinə çatması üçün hərbi və iqtisadi gücün institusional kimlik və milli təhsil siyasəti ilə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.