Azərbaycanın 3x3 basketbol yığmasının baş məşqçisi: Avropa çempionatında layiqli nəticə qazandıq
Bakı, 14 sentyabr, AZƏRTAC
Hələ də o qədər həyəcanlıyam ki, danışmaq belə çətindir, amma burada həqiqətən möhtəşəm iş gördüyümüzə əminəm!
AZƏRTAC xəbər verir ki, bu sözləri 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç Avropa çempionatında qazanılan nəticəni şərh edərkən deyib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis mövsüm ərzində qarşılaşdıqları çətinlikləri xatırladıb: "Xüsusilə də bütün mövsüm ərzində yaşananları nəzərə alsaq — zədələr, komanda dəyişiklikləri və bir müddət birlikdə ola bilməməyimiz... Dünya Kubokundan başlayaraq, orada da son mərhələlərə qədər irəliləyib medallar uğrunda mübarizə aparmışdıq. Amma düşünürəm ki, bütün çətinliklərin öhdəsindən birlikdə gəldik və layiqli nəticə qazandıq”.
Ratomir Deliç komandası ilə qürur duyduğunu vurğulayıb: "Oyunçularımla və bütün komandamızla fəxr edirəm. Mövsüm artıq başa çatdı, indi bir az fasilə var. Uzun və çətin mövsüm oldu, amma bacardıq və mövsümü çox gözəl şəkildə başa vurduq".
Gələcək hədəflərdən da söz açan baş məşqçi fikirlərini belə tamamlayıb: "Gələcəkdə də oyunun ən yüksək səviyyəsində qalmaq və daha çox qızıl medal uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Bu müddət ərzində bizə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Bütün insanlara və federasiyaya xüsusi təşəkkürümü bildirmək istəyirəm".
Qeyd edək ki, Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında 3-cü yer uğrunda matçda Sloveniya seçməsinə 21:18 hesabı ilə qalib gələn Azərbaycan millisi bürünc medal qazanıb.