Amasiya kəndləri arasında II minifutbol çempionatına start verilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycanın Amasiya rayonunun kəndləri arasında II minifutbol çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra qədim el adətlərinin yaşadılması və milli ruhun nümayiş etdirilməsi məqsədilə qara zurnanın müşayiəti ilə “Ağbaba” yallısı ifa olunub. Tədbir iştirakçıları da yallıya qoşularaq bu ənənəni böyük coşqu ilə yaşadıblar.
Tədbiri açıq elan edən Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov belə yarışların Amasiya kəndlərini təmsil edən komandaları bir araya gətirməklə yanaşı, icma üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, çempionatın keçirilməsinin gənclərin idmana marağının artırılması, kəndlər arasında əlaqələrin daha da gücləndirilməsi və icma üzvlərinin bir araya gəlməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Amasiya İcmasının təşəbbüsünü yüksək qiymətləndirib. O qeyd edib ki, belə tədbirlər Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması, tarixi yaddaşın qorunması və icma üzvlərinin vahid amal ətrafında birləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə göstərilən diqqətə, qayıdış hərəkatının inkişafı üçün yaradılan şəraitə və bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətə görə Prezident İlham Əliyevə Qərbi Azərbaycan İcması adından təşəkkürünü ifadə edib.
Daha sonra Milli Məclisin deputatı, İcmanın Qadınlar Şurasının və Amasiya İcmasının üzvü Tənzilə Rüstəmxanlı çıxış edərək bu kimi təşəbbüslərin icma üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Açılış mərasimindən sonra ilk qarşılaşmalar keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlarda “İlanlı” komandası “Ellərkənd”i 5:4, “Qaracanta” “Düzkənd”i 2:1, “Daş Körpü” “Oxçuoğlu”nu 5:2, “Güllübulaq” isə “Quzukənd”i 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II minifutbol çempionatında Amasiya rayonunun 14 kəndini təmsil edən komandalar iştirak edir. Çempionat sentyabr-oktyabr ayları ərzində davam edəcək. Yarışların sonunda qalib komandalar mükafatlandırılacaq.