Türkiyədə ilk dəfə sosial mənzillərin kirayəyə verilməsi sistemi tətbiq olunur
Ankara, 14 sentyabr, AZƏRTAC
Türkiyə tarixində ilk dəfə olaraq sentyabrın 14-dən bazar qiymətlərindən dəfələrlə ucuz olacaq sosial mənzillərin kirayəyə götürülməsi hüququ üçün müraciətlərin qəbulu başlayır.
AZƏRTAC xəbər verir ki, layihənin birinci mərhələsində 1071 sosial mənzilin kirayəyə verilməsi nəzərdə tutulur.
Təşəbbüs genişmiqyaslı “Əsrin mənzil layihəsi”ni həyata keçirən Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə məxsusdur.
Türkiyənin Mənzil İnşaatı İdarəsi (TOKİ) vasitəsilə müraciətlərin qəbulu sentyabrın 25-dək elektron hökumət sistemi üzərindən davam edəcək. Müraciət üçün ödəniş tutulmayacaq.
Mənzillərin kirayə haqqı ərazidən asılı olaraq dəyişəcək. İstanbulda birotaqlı mənzili 10 min türk lirəsindən (350 manatdan – red.) başlayan qiymətlərlə, ikiotaqlı (2+1) mənzili 12 min türk lirəsindən, üçotaqlı mənzili 15 min türk lirəsindən, dördotaqlı mənzili isə 18 min türk lirəsindən başlayan qiymətlərlə kirayəyə götürmək mümkün olacaq.
Bir sıra meyarlara cavab verən aztəminatlı vətəndaşlar sosial mənzilləri 3 il müddətinə kirayə götürmək hüququ əldə edəcəklər.
Aylıq ailə gəliri 100 min lirədən aşağı olan və daşınmaz əmlaka sahib olmayan Türkiyə vətəndaşları müraciət edə bilərlər.
Son 5 il ərzində yaşayış sahəsi almış və ya satmış şəxslərin müraciətləri qəbul edilməyəcək.
65 yaşdan yuxarı şəxslər istisna olmaqla, müraciət edənlər nikahda olmalıdırlar. Kampaniya çərçivəsində sosial yardım alan vətəndaşlar üçün də kvotalar nəzərdə tutulur.
Birinci mərhələdə artıq oktyabr ayında 1071 kirayə mənzilinin açarları təqdim ediləcək.