BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 7 tələbəsi Çinin Anhui Universiteti ilə filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə ikili diplom proqramı çərçivəsində təhsilini Çində davam etdirəcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Şərqşünaslıq fakültəsinin filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri Ayan Əskərli, Alsu Fərziyeva, Sara Babazadə, Ömər Məmmədov, Xədicə Namazova, Kristina Rojkova, Ayan Quliyeva Çinə yola salınıb.
BDU ilə Çinin Anhui Universiteti arasında 2023-cü ildə filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı imzalanıb. Artıq ikinci ildir ki, Şərqşünaslıq fakültəsinin tələbələrinin növbəti qrupu bu proqram üzrə iştirak edir.
İkili diplom proqramının həyata keçirilməsi ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq təcrübəsinin artırılması və müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.
Proqramı uğurla başa vuran tələbələrə hər iki universitetin diplomu veriləcək.