Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub
Paris, 15 oktyabr, AZƏRTAC
Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunda (IRIS) Azərbaycanın Fransadakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində ölkəmizin geostrateji mövqeyinə və regional roluna həsr olunmuş konfrans-müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, IRIS-nin elmi məsləhətçisi, Yaxın Şərq və Şimali Afrika proqramının rəhbəri Didye Billionun moderatorluğu ilə keçirilən tədbirdə Fransanın və Azərbaycanın aparıcı ekspertləri iştirak ediblər. Konfransda IRIS-nin elmi tədqiqatlar üzrə direktoru, Fransanın Rusiyadakı keçmiş səfiri Jan de Qlinyasti, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktor müavini Murad Muradov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Sultan Zahidov, CERI – Sciences Po elmi-tədqiqat mərkəzinin tədqiqatçısı, Fransanın İstanbulda yerləşən Anadolu Araşdırmaları İnstitutunun keçmiş direktoru Bayram Balci çıxış ediblər.
Müzakirələr zamanı Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkənin inkişafına yönəlmiş uzaqgörən siyasəti diqqətə çatdırılıb. Ekspertlər Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolunu, ölkəmizin Rusiya, Türkiyə, İran, Avropa İttifaqı, eləcə də Asiya və Yaxın Şərq dövlətlərinin maraqlarının kəsişdiyi məkandakı strateji əhəmiyyətini təhlil ediblər.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatları, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Transxəzər nəqliyyat dəhlizinin – Orta Dəhlizin ticarət və logistika imkanları da müzakirə olunub. TRIPP layihəsinin əhəmiyyətinə toxunan iştirakçılar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərini, 2025-ci ildə iki ölkə arasında paraflanmış çərçivə sazişini, habelə Azərbaycanın Avropa İttifaqı və Fransa ilə əlaqələrini nəzərdən keçiriblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. Suallar əsasən Azərbaycanın Asiya ölkələri, eləcə də İsraillə ikitərəfli münasibətlərinə aid olub. Fransız və ingilis dillərinə sinxron tərcümə ilə keçirilən hibrid konfransda təşkilatçıların məlumatına görə, 300-ə yaxın tədqiqatçı, doktorant, tarixçi iştirak edib. Onlardan 138-i tədbirə distant şəkildə qoşulub.