Bədirxan Əhmədli: Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində yeni layihələr reallaşdırılacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan-Pakistan münasibətləri siyasi və iqtisadi sahələrlə yanaşı, ədəbi-mədəni əlaqələrin inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Son illərdə Pakistan ədəbiyyatının Azərbaycan ədəbi-elmi mühitində araşdırılması, görkəmli nümayəndələrinin yaradıcılığının öyrənilməsi və əsərlərinin Azərbaycan dilinə tərcüməsi istiqamətində mühüm addımlar atılıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli söyləyib.
Professorun sözlərinə görə, Azərbaycanda Pakistan ədəbiyyatı ilə bağlı araşdırmalar əsasən iki istiqamətdə aparılır. Bunlardan birincisi Pakistan ədəbiyyatının tarixi inkişaf yolu və əsas xüsusiyyətlərinin öyrənilməsi, ikincisi isə ayrı-ayrı görkəmli sənətkarların yaradıcılığının tədqiqidir. Tədqiqatçılar üçün ikinci istiqamət daha çox maraq doğurur. Bədirxan Əhmədli bildirib ki, bu baxımdan Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi, dövlət xadimi və filosof Məhəmməd İqbalın yaradıcılığı xüsusi diqqət çəkir. Onun ilk dəfə 2021-ci ildə Bakıda “Seçilmiş əsərləri” nəşr olunub. Akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə Məhəmməd İqbal yaradıcılığını geniş şəkildə dəyərləndirib. Filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın “Məhəmməd İqbal: eşq və düşüncə şairi” monoqrafiyası da bu istiqamətdə mühüm elmi nailiyyətdir.
Qarşıdakı dövrdə Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı məqsədilə müxtəlif universitet və tədqiqat mərkəzləri ilə birgə konfransların keçirilməsi, Sultan Bahonun əsərlərinin nəşrindən sonra təqdimatlarının təşkili nəzərdə tutulur. Eyni zamanda, şöbənin iki doktorantının dissertasiya müdafiəsi gözlənilir ki, bu da həm institutun, həm də Azərbaycan-Pakistan ədəbi əlaqələrinin tədqiqi tarixində ilk olacaq. Hazırda “Asiya ədəbiyyatı araşdırmaları” toplusunun ikinci cildi də nəşrə hazırlanır və burada Pakistan ədəbiyyatı ilə bağlı araşdırmalara yer veriləcək.
Müxbir - Tünzalə Arazlı