Hərbi ekspert: Əməliyyat xəritələri mina probleminin həlli üçün mühüm məlumat bazası ola bilər
Bakı, 14 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi insanların təhlükəsiz qayıdışına və normal yaşayışın bərpasına ciddi maneə olaraq qalır. Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi nəticəsində müharibədən illər keçməsinə baxmayaraq, bu gün də dinc sakinlər minaların qurbanına çevrilirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
O deyib: “Bu gün Azərbaycanda il ərzində orta hesabla 300 min mina və digər partlayıcı qurğunun zərərsizləşdirilməsi imkanları mövcuddur. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyona qədər mina basdırıldığı barədə məlumatlar var. Bu göstəricilər mina təmizləmə prosesinin qarşıdakı 13–15 il ərzində davam edə biləcəyini göstərir. Mina probleminin miqyası yalnız təhlükəsizlik və vaxt baxımından deyil, maliyyə baxımından da olduqca böyükdür. Bir minanın istehsalına sərf olunan vəsaitlə müqayisədə onun aşkarlanması və zərərsizləşdirilməsi üçün tələb olunan xərclər təxminən 10–15 dəfə çoxdur. Bu vəsaitlər azad edilmiş ərazilərdə infrastrukturun bərpasına yönəldilə bilsəydi, quruculuq prosesinin nəticələri daha geniş ola bilərdi”.
Hərbi ekspert bildirib ki, beynəlxalq konvensiyalarda münaqişə başa çatdıqdan sonra tərəflərin öz nəzarətində olan minalanmış əraziləri təmizləməsi və müvafiq məlumatları bir-birinə təqdim etməsi ilə bağlı müddəalar mövcuddur. Donor ölkələrin maliyyə, texniki və digər yardımlarının təmin edilməsinə dair qərarlar da qəbul olunub. Təəssüf ki, bu müddəalar və qərarlar Azərbaycana münasibətdə lazımi səviyyədə tətbiq edilmir. Nəticədə Azərbaycan mina terrorunun ağır nəticələri ilə əsasən təkbaşına mübarizə aparır.
Ş.Ramaldanov Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiq və etibarlı məlumat bazası kimi istifadə olunması ilə bağlı ciddi problemlərin olduğunu bildirib.
“Bunun əsas səbəblərindən biri mina sahələrinin işğal dövründə müxtəlif yerli idarəetmə orqanlarına və hərbi birləşmələrə həvalə edilməsi, xəritələrin isə peşəkar mühəndis-istehkamçılar tərəfindən hazırlanmamasıdır. Mina xəritələri faydasızdırsa, Ermənistan tərəfindən əməliyyat xəritələrini tələb etmək olar. Belə xəritələrdə mina sahələrinin dəqiq topoqrafik yerləşməsi, minaların növü – tankəleyhinə, piyadaəleyhinə və ya qarışıq olması, eləcə də onların sıxlığı barədə məlumatların əks olunduğu bildirilir. Bu baxımdan, əməliyyat xəritələri Azərbaycan üçün mühüm məlumat bazası ola bilər. Bu sənədlərin təqdim edilməsi minatəmizləmə prosesini sürətləndirər, həm də əməliyyatların təhlükəsizliyini artırardı. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin xəritələrin əvvəlki məxfilik statusunun saxlanılması üçün əsaslar zəifləyib. Ermənistan sülh prosesində səmimidirsə, bu xəritələri təqdim etməsi Azərbaycan üçün real və faydalı bir jest olardı”, - deyə hərbi ekspert vurğulayıb.
Müxbir - Səbinə Əlizadə