Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı”
Bakı, 14 sentyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” konserti keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan muğam sənətinin təbliği, milli musiqi irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyan layihə çərçivəsində sənətsevərlərə zəngin konsert proqramı təqdim olunub.
Konsert proqramında Əməkdar artistlər Elnur Zeynalov və Sevinc Sariyeva, solistlər Elgiz Əliyev, Könül Xəlilzadə, Hüseyn Məlikov, Zümrüd Məmmədova çıxış ediblər.
Xanəndələri Rəşad İbrahimov (tar), Elnur Məmmədov (kamança) , Məhta Məhəmmədəlizadə (qanun), Hüseyn Ələkbərli (balaban), Amil Mustafayev (nağara) və Vasif Yusublu (ud) müşayiət edib. Proqramda “Segah”, “Dəşti”, “Rast”, “Dilkəş”, “Çahargah” və “Şur” təsnifləri səslənib. Muğamın özünəməxsus ifaçılıq ənənələrinin nümayiş olunduğu konsertdə xanəndə və instrumental ifaçıların həmahəng çıxışı Azərbaycan milli musiqisinin zənginliyini və bədii-estetik xüsusiyyətlərini bir daha nümayiş etdirib.
“Muğamat axşamı” layihəsi Beynəlxalq Muğam Mərkəzinin muğam sənətinin təbliği istiqamətində həyata keçirdiyi ənənəvi layihələrdəndir. Layihə çərçivəsində Azərbaycan muğamının müxtəlif məktəb və ifaçılıq ənənələrinin təqdim olunması, peşəkar sənətkarların yaradıcılığının nümayiş etdirilməsi nəzərdə tutulur.