Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 91 ünvanında fəaliyyət göstərən Nəsimi Əlipolad oğlu Abbaszadəyə məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.
AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstehsal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində istifadə olunan suyun, bütün alət və avadanlıqların təmiz olmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilərək, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.