Türkiyə alimləri: Ankaranın ərazisində vaxtilə okean olub VİDEO
Ankara, 14 sentyabr, AZƏRTAC
Bir qrup türkiyəli arxeoloq Ankaranın Gölbaşı rayonunda aparılan qazıntılar zamanı 66 milyon il yaşı olan dəniz mənşəli fosil aşkar edib.
AZƏRTAC xəbər verir ki, bununla da Türkiyənin paytaxtının yerləşdiyi ərazidə vaxtilə okeanın olduğu barədə fərziyyə öz təsdiqini tapıb.
Qeyd edək ki, hazırda Ankaraya ən yaxın dəniz sahili 275 kilometr məsafədə – Qara dəniz sahilində yerləşən Düzce vilayətinin Akçakoca rayonudur.
Alimlərin fikrincə, ilbizə aid olduğu ehtimal edilən molyusk qalıqları (fosillər) vaxtilə mövcud olmuş Tetis okeanının Mərkəzi Anadolunu da əhatə etdiyini təsdiqləyir.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tapıntının əhəmiyyətindən danışıb. Nazir insanların ilk dəfə 5 min il əvvəl məskunlaşdığı Gölbaşıdakı qədim Külhöyük yaşayış məskənində qazıntıları davam etdirən arxeoloqlar qrupuna təşəkkürünü bildirib.