Norveçdə 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə etməmək tövsiyə olunur
Stokholm, 14 sentyabr, AZƏRTAC
Norveçdə uşaq və yeniyetmələrin elektron cihazlardan istifadəsi ilə bağlı yeni tövsiyələr təqdim edilib. Bu tövsiyələr ekranlardan istifadə ilə bağlı uzunmüddətli müzakirələrdən və norveçli yeniyetmələrin PISA tədqiqatında göstərdiyi aşağı nəticələr fonunda hazırlanıb. Hakimiyyət orqanları valideynləri uşaqların rəqəmsal həyatını daha diqqətlə izləməyə və smartfon almağı mümkün qədər uzun müddət təxirə salmağa çağırır.
AZƏRTAC xəbər verir ki, tövsiyələrə əsasən, 13 yaşdan kiçik uşaqlar “TikTok”, “Snapchat”, “Instagram”, “Facebook”, “WhatsApp” və bu kimi xidmətlərdən istifadə etməməlidirlər. 13-18 yaşlı yeniyetmələrə isə yaş məhdudiyyətlərinə riayət etmək və belə platformalarda keçirdikləri vaxtı azaltmaq tövsiyə olunur.
Hakimiyyət orqanları asılılıq yarada biləcək xüsusiyyətlərə malik tətbiq və oyunlara xüsusi diqqət yetirirlər. Onların arasında sonsuz sürüşdürmə, mükafatlandırma sistemləri və “streak” adlanan funksiyalardan istifadə olunan “Snapchat”, “YouTube” və “Roblox” qeyd edilir. “Discord”, “Chatroulette”, “WhatsApp” və “Fortnite isə rəqəmsal zorakılıq, cinayət şəbəkələri və zərərli onlayn icmalarla bağlı risklər səbəbindən də xatırlanır.
Səhiyyə naziri Yan Kristian Vestre valideynləri uşaqlar orta məktəbdə təhsil almaq yaşına çatana qədər onlara smartfon verməməyə çağırıb. Hakimiyyət orqanları, həmçinin oyun kompüterlərinin evin ümumi istifadə olunan sahələrində yerləşdirilməsini tövsiyə edir.
Norveçin Baş naziri Yonas Qar Störe qeyd edib ki, elektron cihazlardan həddindən artıq istifadə uşaqların və yeniyetmələrin yuxusuna mənfi təsir göstərə bilər. O, həmçinin təhsil nəticələrinin pisləşməsini rəqəmsal texnologiyaların gənclərin həyatına fəal şəkildə nüfuz etməsi ilə əlaqələndirib.
Uşaq və ailə məsələləri üzrə nazir Lene Voqslid vurğulayıb ki, valideynlər uşaqların rəqəmsal həyatında daha fəal iştirak etməlidirlər. Onun sözlərinə görə, cəmiyyət uşaqları fiziki dünyada həddindən artıq qoruyur, rəqəmsal dünyada isə bu, kifayət qədər deyil.
Bununla yanaşı, Norveç hökuməti sosial şəbəkələrdən istifadə üçün 16 yaş həddinin tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. Sənədin 2026-cı il ərzində Stortinqə təqdim ediləcəyi, istifadəçilərin yaşının yoxlanılması ilə bağlı məsuliyyətin isə texnologiya şirkətlərinin üzərinə qoyulacağı gözlənilir.