Britaniyada partiya rekord məbləğdə ianə alıb
London, 14 sentyabr, AZƏRTAC
Böyük Britaniyada Reform UK partiyası həftəsonu hər biri 36 milyon funt sterlinq olmaqla iki ayrı ianə aldığını açıqlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, ölkədə siyasi partiyaya indiyədək verilmiş ən böyük birdəfəlik ianələr hesab olunur. Bundan əvvəl qeydə alınmış ən böyük ianə 2023-cü ildə Lord Con Seynsberinin vəsiyyəti ilə Mühafizəkarlar Partiyasına ayrılan 10 milyon funt sterlinq idi.
36 milyon funt sterlinq ianə edən şəxslərdən biri Kristofer Harborndur. O, 2025-ci ildə də Reform UK-yə 9 milyon funt sterlinq ianə etmişdi. Hazırda Böyük Britaniyada bir şəxsin və ya təşkilatın siyasi partiyaya nə qədər ianə edə biləcəyinə dair ümumi yuxarı hədd yoxdur. Lakin müəyyən məbləğdən yüksək ianələrin rəsmi şəkildə bəyan edilməsi tələb olunur. Rekord ianələrdən sonra fərdi siyasi ianələrə məhdudiyyətlərin tətbiqi ilə bağlı çağırışlar güclənib. Ben Delo və Kristofer Harborn Böyük Britaniya vətəndaşları olsalar da, hər ikisi müəyyən müddət xaricdə yaşayıb.
Hökumət xaricdə yaşayan Britaniya vətəndaşlarının ölkədəki siyasi partiyalara ianə etməsi qaydalarını dəyişdirməyi planlaşdırır. Parlamentdə müzakirə olunan təkliflər arasında belə ianələr üçün 100 min funt sterlinqlik həddin müəyyən edilməsi və bu qaydanın 25 mart tarixindən geriyə şamil olunması da var.
Siyasi ianələrlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklərin bu gün Lordlar Palatasında müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, sözügedən dəyişikliklər hələ qüvvəyə minməyib və hazırda parlamentdə müzakirə olunan qanunvericilik təkliflərinin bir hissəsidir.