Özbəkistan müftisi dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarov Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, müfti Nuriddin Xoliknazarov elmi heyət vasitəsilə tədris proqramlarının qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsinin və əsas dini fənlərin tədrisində vahid yanaşmaların formalaşdırılmasının mümkün olduğunu bildirib.
Müfti professor-müəllimlər və müdərrislər arasında təcrübə mübadiləsinin, eləcə də ixtisasartırma proqramlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.
N.Xoliknazarov tələbə-gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsinə və onların elmi potensialının artırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsini də təklif edib.
O qeyd edib ki, gənclərin təhsili və tərbiyəsi, eləcə də mədrəsələrin inkişafı istiqamətində atılacaq bu addımlar bilikli və yetkin alimlər nəslinin yetişdirilməsinə mühüm töhfə verəcək.