“Kəpəz”in futbolçusu: Məqsədimiz mövsümü yaxşı mövqedə başa vurmaqdır – MÜSAHİBƏ
Bakı, 14 sentyabr, AZƏRTAC
"Kəpəz”in portuqaliyalı hücumçusu Azuma Abubakar AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Azərbaycan Premyer Liqasının V turunda doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdiniz. Qarşılaşma ilə bağlı fikirləriniz necədir?
- Bu oyuna hazırlıq çox ciddi və böyük zəhmət tələb edən proses oldu. Qarşılaşmadan əvvəl əsas məqsədimiz 3 xalı qazanmaq idi. Bunun üçün komanda olaraq çox çalışdıq və qələbə naminə əlavə güc sərf etdik. Sonda göstərdiyimiz əzmkarlığın qarşılığını aldıq və vacib qələbə qazandıq.
- Maraqlıdır ki, “Kəpəz”in hər iki qələbəsi doğma meydanda azarkeşlərinizin önündə əldə olunub. Komanda yeganə səfər oyununda məğlub olub və xalsız qayıdıb. Görünür, doğma meydanda oynamaq komandaya böyük kömək edir.
- Aydındır ki, evdə oynayan hər bir komandanın müəyyən üstünlüyü olur. Lakin azarkeşlərimizdən aldığımız dəstək bu üstünlüyü daha da artırır. Burada oynamaq möhtəşəm atmosfer yaradır. Azarkeşlərin verdiyi dəstək əlavə enerji verir və biz də bunu meydanda nəticə ilə qarşılığını verməyə çalışırıq. Düşünürəm ki, bu, oyunları qazanmaq üçün istifadə edə biləcəyimiz mühüm üstünlüklərdən biridir.
- Klub rəhbərliyi tərəfindən bu mövsüm Premyer Liqada və Azərbaycan Kubokunda qarşınıza hansı əsas məqsədlər qoyulub?
- Əsas məqsədimiz komanda olaraq hər oyunda mübarizə aparmaq və mövsümü yaxşı nəticə ilə başa vurmaqdır. Hazırda oyun-oyun irəliləyirik. Cədvəldə layiq olduğumuz mövqeyə çatmaq istəyirik. Hər bir komandanın arzusu olduğu kimi, bizim də istəyimiz mövsümü mümkün qədər yaxşı pillədə başa vurmaqdır. Kubokda da bacardığımız qədər irəli getmək niyyətindəyik.
- Karyeranız ərzində Portuqaliyanın U-19 milli komandasında Avropa çempionatında iştirak etmisiniz. Hətta Almaniya ilə oyunda qol da vurmusunız. Sonrakı illərdə həmin səviyyədə çıxışınızı niyə davam etdirə bilmədiniz?
- İnanıram ki, karyeramdan ümumilikdə zövq almışam və hələ də alıram. Ən əsası, bu yol boyunca çox şey öyrənmişəm. Hər bir insanın öz yolu var. Mən də bunun mənim yolum olduğuna inanıram. Karyeramın müxtəlif mərhələləri olub və bütün bunlardan müəyyən təcrübə qazanmışam. Bu gün sahib olduqlarıma görə minnətdaram və futbol oynamağa davam etdiyim üçün xoşbəxtəm.
- Həmin heyətdə Dioqo Dalot, Rafael Leao və Dioqo Kostanın da yer alıblar. Onlar hazırda dünya futbolunda kifayət qədər tanınmış oyunçulardır. Onlarla hələ də əlaqə saxlayırsınızmı? “Kəpəz”də oynadığınızı bilirlərmi? Bilirlərsə, onlara Azərbaycan və klub haqqında danışmısınızmı?
- İnanıram ki, hər kəs hazırda öz karyerasına fokuslanıb. Harada olmağımızdan asılı olmayaraq, bir-birimizə ən yaxşısını arzulayırıq. Hər birimizin öz yolu var və onların belə yüksək səviyyəyə çatmasına görə çox şadam. Mən də öz yolumla davam edirəm və “Kəpəz”də oynamaqdan məmnunam. Əlbəttə, Azərbaycan və burada yaşadığım təcrübə haqqında danışmaq üçün imkan olduqda bunu bölüşürəm. Onlara da karyeralarında uğurlar arzulayıram.
Müxbir – Cavid Əliyev