Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Gürcüstanın Marneuli şəhərində azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün keçirilən birgə təlim proqramının əyani mərhələsi sentyabrın 13-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan 9 günlük təlimlərdə 75 müəllim iştirak edib.
Təlimlər Azərbaycan Respublikasının Təhsil İnstitutu və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində olan Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin təlim proqramlarının meneceri Nino Qordeziani deyib ki, təlimlər Marneuli şəhərindəki 1 nömrəli dövlət məktəbində təşkil olunub: "İştirakçılar qeydiyyatdan keçərək peşəkar inkişaf proqramına qoşulmaq istəklərini bildiriblər. Təlimləri Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi həyata keçirir. Bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığımız bundan sonra da davam edəcək. Növbəti mərhələlərdə də təlimlərdə iştirak etmək istəyən bütün müəllimlərə müvafiq xidmətlər göstəriləcək və onlar peşəkar inkişaf proqramlarına cəlb olunacaqlar".
Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqovun sözlərinə görə, təlimlərdə müəllimlərə yeni tədris metodikaları, pedaqoji yanaşmalar və tədris prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları öyrədilib: "Azərbaycanın Təhsil İnstitutunun aparıcı metodistləri müəllimlərə mövcud çətinliklərin həlli yollarını izah ediblər. Eyni zamanda, bu platforma müəllimlərin bir-biri ilə təcrübə mübadiləsi aparmalarına geniş imkan yaradıb".
Azərbaycanın Təhsil İnstitutunun aparıcı metodisti Vəfa Məmmədova vurğulayıb ki, təlim proqramının ilk iki mərhələsi artıq yekunlaşdırılıb. Üçüncü mərhələnin isə sentyabrın sonunda onlayn formatda keçirilməsi planlaşdırılır:”Ümumilikdə təlim proqramı 90 saatı əhatə edir. Bunun 72 saatı tədris materiallarının mənimsənilməsinə, 18 saatı praktiki məşğələlərə və ev tapşırıqlarının yerinə yetirilməsinə ayrılıb".
Təlimlərdə iştirak edən müəllim Rəhilə Hacıyeva təəssüratlarını bölüşərək deyib:"Bu proqram bizim üçün çox faydalı oldu. Bildiklərimizlə yanaşı, dəqiq bilmədiyimiz məsələləri də öyrəndik. Öyrəndiklərimizi sevinclə və maraqla şagirdlərimizə tədris etməyi özümüzə borc bilirik".