Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 11-12-də Azərbaycanda “EkoSfera” Ekoloji-Sosial Mərkəzin təşkilatçılığı ilə “İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — LCOY Azərbaycan 2026” tədbiri keçirildi. Bu konfrans ikinci ildir ki, Azərbaycanda təşkil olunur. LCOY BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası yanında rəsmi gənclər təşkilatı olan YOUNGO ilə əlaqəli beynəlxalq prosesin bir hissəsidir. Konfransın məqsədi gənclərin iqlim proseslərinin müşahidəçisi deyil, tamhüquqlu iştirakçısı olduğunu göstərməkdir.
AZƏRTAC xəbər verir ki, bunu LCOY-nin Azərbaycandakı milli koordinatoru Pərvin Əzizli deyib.
O, fikirlərinə belə davam edib: "Bu gün iqlim dəyişikliyi həyatımızın demək olar ki, bütün sahələri ilə bağlıdır. Buna görə də gənclərin yalnız problemlər haqqında danışmağı deyil, konkret həllər təklif etməyi bacarması vacibdir. Bu il proqram iki istiqamətə fokuslandı: dayanıqlı infrastruktur, yaşıl şəhərsalma və memarlıq, həmçinin ekoloji qida sistemləri və iqlimə davamlı kənd təsərrüfatı. Format praktiki oldu - gənclər tematik sessiyalarda regionların iqlim çağırışlarını təhlil etdi, təkliflər hazırladılar. İkinci gün tamamilə Milli Gənclər Bəyanatının birgə hazırlanmasına həsr olundu. Azərbaycanın fəal və motivasiyalı gəncləri var. Növbəti addım onlara iqlim hərəkatına peşəkar şəkildə qoşulmaq və ideyalarını qlobal səviyyədə təqdim etmək imkanı yaratmaqdır. Müasir iqlim gündəliyi ekoloqlarla yanaşı, memarların, mühəndislərin, aqronomların, iqtisadçıların və texnologiya mütəxəssislərinin də iştirakını tələb edir".
Xatırladaq ki, konfransın ilk günü Bakıda ADA Universitetində, ikinci günü Qubada Bakı Dövlət Universitetinin Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilib. Proqram dövlət qurumlarının, universitetlərin, beynəlxalq təşkilatların və ekspertlərin nümayəndələrini bir araya gətirib.