Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
Buxarest, 12 sentyabr, AZƏRTAC
Rumıniya Hərbi Hava Qüvvələri sentyabrın 14-dən 25-dək bütün ölkə ərazisini əhatə edəcək “Burebista 26” adlı genişmiqyaslı hərbi təlim keçirəcək.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “HotNews” nəşrinin məlumatına görə, Hərbi Hava Qüvvələri təlimi mürəkkəb və inteqrasiya olunmuş ssenari üzrə təşkil edəcək. Təlimə Rumıniya Hərbi Hava Qüvvələrinin bütün komanda-idarəetmə və icra strukturları qoşulacaq.
Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri də təlimdə iştirak edəcək. Beləliklə, “Burebista 26” ayrı-ayrı qoşun növlərinin eyni əməliyyat mühitində qarşılıqlı fəaliyyətinin sınaqdan keçirilməsinə yönəlib.
Təlim günlərində ölkənin müxtəlif bölgələrində hərbi texnika və şəxsi heyətin avtomobil yolları ilə hərəkəti müşahidə olunacaq. Bundan başqa, hərbi təyyarə və helikopterlərin Rumıniyanın bütün ərazisində aşağı hündürlükdə uçuşlar həyata keçirəcəyi bildirilir.
Rumıniya son illərdə hərbi hazırlıq tədbirlərinin miqyasını genişləndirib. Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin dəyişməsi, NATO-nun şərq cinahının müdafiəsinin gücləndirilməsi və müxtəlif qoşun növlərinin birgə əməliyyat qabiliyyətinin artırılması ölkənin müdafiə planlaşdırılmasının əsas istiqamətləri sırasındadır.
Qara dənizə çıxışı olan Rumıniya NATO-nun cənub-şərq cinahında strateji mövqeyə malikdir. Ölkədə alyansın qüvvələri yerləşdirilib, həmçinin müttəfiq dövlətlərin hərbi aviasiyası hava məkanının qorunması missiyalarında iştirak edir.